• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1641
— 04.08.2020 20:16

Yoluxmanın azalması arxayınlıq yaratmamalıdır

KepezTV Player

Göründüyü kimi, son günlər ölkədə koronavirus infeksiyasına yeni yoluxma hallarının sayında azalma müşahidə olunur. Təbii ki, bu da Azərbaycanda COVİD-19-la mübarizənin uğurla aparıldığının göstəricisidir. Koronavirusa qalib gəlmək üçün ən azı müsbət tendensiyasının saxlanılmasında vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hər birimiz üzərimizə düşən məsuliyyəti dərk edərək, qoyulan qaydalara əməl etməklə, həm özümüzün, həm ətrafımızdakıların sağlamlığını qorumuş, dövlətimizin infeksiya ilə mübarizəsinə yaxından kömək etmiş olarıq.

Minarə Allahverdiyeva - sakin: Maskanı taxıram, nəvələrim də yanımda maska taxır. Biz özümüzü qorumaq üçün bunu taxırıq. Məsləhət görürəm ki, uşaqlar da, böyüklər də, qocalar da maska taxsın.

Sultan Hüseynov - sakin: Mənim özüm də maskadan istifadə edirəm. Əlimi tez-tez sabunla, spirtlə yuyuram. Bunların hamısına riayət etsək, tez bir zamanda xəstəliyə qalib gələrik.

Mətanət Mustafayeva - sakin: Maskalardan istifadə etmək lazımdır. Qaydalara riayət edib, əlləri tez-tez spirtlə yumaq lazımdır. Biz özümüz də qaydalara riayət edirik. Hamı belə qaydalara riayət etsə, koronavirus xəstəliyindən tez qurtararıq.

Tibbi maskadan istifadə, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq. Bütün bunlar ilin əvvəlindən dünyanı lərzəyə salaraq onu çarəsizliklə mat qoyan koronavirusa yoluxmamağın ən vacib qaydalarıdır. Onlara əməl etmək isə xəstəliyin müalicəsi ilə müqayisədə qat-qat asandır. Sevindirici haldır ki, görülən qabaqlayıcı tədbirlər, vətəndaşların tövsiyələrə əməl etməsi ölkədə koronavirusa yoluxmanın sayında azalmalara gətirib çıxarıb. Amma arxayınlaşmaq olmaz. Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva karantin rejiminin qaydalarına mütləq şəkildə əməl etməyin vacibliyini vurğulayır. Çünki tələblərə riayət etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər.

Almaz Tomiyeva - Gəncə Şəhər GEM-in şöbə müdiri: Bir gündə bizdə çıxırdı 20-30 xəstə amma şükürlər olsun ki, 2-3 uzaq başı 4 xətə aşkar olunur. Mən xahiş edirəm ki, bu rəqəmləri deyib əhalimizi arxayın salmaq olmaz. Bir epidemioloq kimi yenə bir təlaş, qorxu içərisindəyik ki, biz bu gün arxayın olub otursaq sabah bunun arxası böyük bəla kimi gələcəkdir. Ona görədə Gəncə əhalisinə müraciət edirəm ki, dövlətin qoyduğu qayda-qanuna, həkimlərin dediyi proflaktik tədbirlərə riayət etsinlər.

Qaydalara uyğun davranıb əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmağın, yəni koronavirusa qalib gəlməyin başlıca yoludur. Odur ki, maskadan istifadə edib, ara məsafəsini gözləmək və əllərimizi tez-tez yumaqla özümüzü, ətrafımızdakıları bu bəladan qorumuş olarıq. Unutmayaq ki, biz birlikdə güclüyük.

 

Elnur Vahidoğlu