Ötən gün Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar edilib. İstintaqla mərhumun 52 yaşlı Gülxara Qubadlı olması müəyyənləşib. Həmçinin elə həmin gün paytaxtın Səbail rayonu ərazisində Masallı rayon sakinin 21 yaşlı Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs kəsici alətlə xəsarətlər yetirib. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb. Dindirilmə zamanı Hikmət Fərəcov Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib və sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqla orada həmin şəxsə də xəsarətlər yetirib. İstintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 1085