Ölkədə taxıl biçininin son mərhələsindəyik. Artıq ən yüksək dağlıq ərazilərdə prosesə start verilib. Gədəbəydə də bir neçə gündür ki, zəmilərdəki məhsul yığılır.
Dağ rayonunda Aran bölgəsinə nisbətən biçin təxminən 1 ay gec başlayır. Gədəbəydə ilk olaraq biçin Şınıx, Novoivanovka və Novosaratovka kəndlərindən başlanıb. Əsasən dəmyə şəraitdə əkilən buğdanın məhsuldarlığı da ötən illə müqayisədə ürəkaçandır. Bunu fermerlər deyir. Təsərrüfatçılar məhsuldarlıqla birlikdə texnika sarıdan da razılıq edirlər.
Vüqar Paşayev - fermer: Taxılı biçilməsi ilə bağlı heç bir problemimiz olmadı. Ona görə ki, kombaynlar novosaratovka kəndinə gəldi. Demək olar ki, vaxtında taxılımız biçdirdik. Bu il yaxşı demək olar. Keçən il hektara 27-28 sentner taxıl götürmüşdük. BU il sahələrdən 29-30 sentner taxıl götürmüşük. Razıyıq.
Bu il Gədəbəydə biçin kompaniyasına 30-dan çox kombayn cəlb olunub. Həm texnikanın çoxluğu, həm də növbəli biçinin aparılması taxıl yığımının vaxtında bitməsinə şərait yaradacaq.
Eldəniz İbrahimov - Gədəbəy DAİM-in baş məsləhətçisi: Fermerlər yeni taxıl sortları gətirib səpiblər. Onun da bəhrəsini indi görürlər. Əvvəlki illərə nisbətən dövlətin dəstəyi nəticəsində kombaynların sayı artmışdır və növbəli əkin sisteminə keçilmişdir. Burada itkiyə yol verilmir. Sahənin birini biçib digər sahəyə keçirlər. Camaat da buna nəzarət edir. Vaxt itkisi olmur.
Gədəbəydə 2480 hektarda əkilən taxılın artıq 600 hektardan çox hissəsi biçilib. Bu il orta hesabla hər hektardan 32 sentner məhsul gözlənilir. Proses avqustun ortasınadək davam edəcək.
- Baxış: 5276