Millimizin üzvü ötən mövsümü yeni yaradılan Gəncə komandasında keçirib. 30 yaşlı idmançının Rizvan Səfərovun rəhbərliyi altında çıxışı uğurlu alınıb. Belə ki, mövsümün əvvəlindən komandanın qələbələrində payı olan Həmzəyev koronavirusa görə yarımçıq dayandırılan çempionatda turnir cədvəlindəki yerinə görə Gəncənin tərkibində bürünc medala yiyələnib. Yeni mövsümün startı isə oktyabrda nəzərdə tutulsa da, infeksiya ölkəmizdə geniş yayılacağı təqdirdə yarışın başlaması gecikə bilər. Ancaq bir sıra dövlətlərdə çempionatların başlama vaxtı bəllidi və Amil Həmzəyev də bu səbəbdən karyerasını başqa ölkədə davam etdirməyi düşünür.
Amil Həmzəyev - basketbolçu: Bəzi ölkələrdə yoluxmanın azalması səbəbiylə artıq çempionatların keçirilməsinə icazə verilir. Şəxsən mənim maraq dairəmdə olan ölkələr sırasında Belarus, Moldova və Ukrayna yer alır. Görünən odur ki, o ölkələrdə çempionat bizdən tez başlayacaq. Belə olan halda əlbəttə ki, mən də karyeramı davam etdirmək üçün hazırda xarici ölkələrə üz tutmağa üstünlük verirəm.
Amil Həmzəyev onu da qeyd edib ki, 5 aylıq karantin dövründə məşqlərini evdə etdirsə də, bu komanda ilə birgə hazırlığın yerini vermir.
Amil Həmzəyev - basketbolçu: Koronavirus bütün sahələr kimi basketbola da mənfi təsiri olub. Uzun müddət məşqsiz qalmışıq. Evdə bacardığımız qədər hazırlıqlarımızı davam etdiririk. Lakin istər-istəməz həmin effekti almaq olmur.
Amil Həmzəyev əvvələr də ölkə xaricində çıxış edib. O, müxtəlif vaxtlarda Ukraynanın “Kremen” və Moldovanın “Rıbnitsa” klublarının şərəfini qoruyub.
- Baxış: 615