• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1323
— 15.07.2020 19:41

"Gəncə" ev oyunlarını doğma meydanda keçirə bilər

KepezTV Player

Ötən mövsüm Basketbol üzrə Azərbaycan superliqasında mükafatçılar sırasına düşən “Gəncə” komandası yeni sezonun planlarını qurur. Kollektiv heyətini gücləndirmək üçün axtarışlara başlayıb. Bundan başqa ən əsası klub yeni mövsüm ev oyunlarını doğma meydanda keçirmək arzusundadır.

2019-2020-ci illər mövsümündə koronavirus pandemiyası səbəbindən superliqa yarımçıq dayandırılıb və aprel ayında qalib elan olunub. Nizami yurdunun təmsilçisi turnir cədvəlində tutduğu mövqeyə əsasən bürünc mükafata yiyələnib. Çempionluğa iddialı olan gəncəlilər gələn mövsüm daha yuxarı pillədə yer almaq üçün qarşısına bir sıra məqsədlər qoyub. Bunlardan ən vacibi komandanın ev oyunları ilə bağlıdı. Sarı-göylər reallaşacağı təqdirdə qarşıdakı mövsüm oyunlarını Bakıda yox, doğma meydanda keçirmək niyyətindədir.

Rizvan Səfərov “Gəncə” komandasının baş məşqçisi: Superliqa yarışında Gəncə komandası ev oyunlarını Bakı şəhərində keçirirdi. Düzdü, qarşılamalar sosial şəbəkələr və tv kanallar vasitəsilə canlı yayımlanırdı. Amma Gəncə azarkeşləri, basketbol sevərlər komandalarını öz yerli meydançasında alqışlamasına nail ola bilmədik. Bu il qarşımıza məqsəd qoymuşuq ki, federasiya və nazirliyə təklif edəcəyik ki, komanda ev oyunlarını Gəncədə və ya Göygöl Olimpiya İdman kompleksində keçirək ki, fanatlar komandalarına dəstək olsunlar.

Pandemiya səbəbindən bir araya gələrək məşq edə bilməyən komanda buna baxmayaraq boş dayanmır. Artıq yeni mövsüm üçün heyətə oyunçuların cəlb olunması istiqamətində işlərə start verilib.

Rizvan Səfərov “Gəncə” komandasının baş məşqçisi: Bizlə birlikdə digər komandalar da zəif yerlərini aşkar ediblər. Çalışırlar ki, heyətlərini gücləndirsinlər. Biz də bununla bağlı yeni oyunçuları Gəncə komandasına cəlb etməklə bağlı işlər aparırıq. Komandamızı çalışacağıq ki, əcnəbi basketçularla gücləndirək. Bilirsiz ki, hər komandada əcnəbi oyunçular var. Müxtəlif - Gürcüstan, Ukrayna, Belarus liqalarında iştirak edən oyunçular ilə onlayn formada və ya menecerlər vasitəsilə danışıqlar aparırıq ki, Azərbaycan çempionat keçirilsə, bizimlər müqavilə bağlayıb, komandada çıxış etsin.

Azərbaycanda Basketbol üzrə superliqanın yeni mövsümünün oktyabr ayında başlayacağı nəzərdə tutulub.