• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 09.07.2020 19:55

Milli komandanın hazırlığında gəncəli məşqçi və basketbolçu iştirak edib

KepezTV Player

Basketbol üzrə Azərbaycan milli komandalarının Göygöldə təlim-məşq toplanışına yekun vurulub. Rayondakı Olimpiya İdman Kompleksində baş tutan məşq prosesi təxminən 2 həftəyə yaxın davam edib.

Yığmanın hazırlığında həm kişilər, həm də 16 yaşlılardan ibarət komandanın üzvləri iştirak ediblər. Ümumilikdə toplanışa 14 basketbolçu qatılıb. Böyüklərdən ibarət komanda baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında məşq keçib. Nuruzadənin türkiyəli köməkçisi Evren Alkaya koronavirusla bağlı məlum vəziyyətdən ölkəmizə gələ bilmədiyindən ona müvəqqəti olaraq “Gəncə” komandasının gəncəli baş məşqçisi Rizvan Səfərov məşqçi qismində yardımçı olub.

Rizvan Səfərov - milli komandanın məşqçisi: Məşqlərdə daha çox gənclərə üstünlük verildi. Təcrübəli idmançılar Zaur Paşayev və Amil Həmzəyev də hazırlıqda iştirak edirdi. Millinin baş məşqçisi Samit müəllim onların təcrübəsindən yararlanmaq üçün yığmaya cəlb etmişdi. İdmançıların həm ümumi və xüsusi fiziki hazırlıqları, həm də taktiki-texniki göstərişləri tam şəkildə yoxlanıldı. Sonda qərara alındı ki, öz səhvləri üzərində işləmələri üçün basketbolçuların bu cür təlim-məşq toplanışlarına ehtiyacı var.

Məşqçi toplanışın keçirildiyi məkanı da dəyərləndirib. Rizvan Səfərov milli komandanın ilk dəfə məşq keçdiyi Göygöldə həm iqlim, həm də məşq şəraitinin əlverişli olduğunu deyib.

Rizvan Səfərov - milli komandanın məşqçisi: Toplanışların keçirilməsi üçün iqlim şəraiti çox önəm daşıyır. Bir çox milli komandalarımız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışları keçirlər. Şərait tam yaxşı olduğu üçün basketbol yığmamızın da hazırlığı burada keçirildi. Dağ havası, müəyyən kross hazırlıqları, trinajor zalları bir-birini bağladığı üçün Göygöl Olimpiya Kompleksi toplanışa şərait yaradır.

Təlim-məşq toplanışında millinin tərkibində Gəncə basketbolunun ən tanınmış siması olan Amil Həmzəyev də yer alıb. Təcrübəli oyunçu bu dönəmdə belə hazırlıqların keçirilməsini müsbət qiymətləndirib.

Amil Həmzəyev - milli komandanın üzvü: Bu yaxınlardan Göygöl Olimpiya İdman kompleksində milli komanda ilə təlim-məşq toplanışında olduq. Əsasən fiziki formamızın bərpası və inkişaf etdirilməsi üzrə çalışdıq. Toplarla da məşqə üstünlük verdik. Belə bir vəziyyətdə təlim-məşq toplanışının təşkil olunması çox müsbət haldır.

Federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə reallaşır.