• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2302
— 01.07.2020 20:26

Havanın kartofun məhsuldarlığına və qiymətinə təsiri

KepezTV Player

Aqrar sahədən danışmışkən, bir sıra dağ rayonlarında əkilən kartof ərazilərin relyefindən asılı olaraq əsasən dəmyə şəraitdə becərilir. Belədə bitkinin əmələ gəlməsi üçün yağış suyuna ehtiyac olur. Ancaq son illər havaların quraq keçməsi məhsuldarlığa ciddi təsir edir. Gədəbəydə də əksər kartof sahələri dəmyə olduğundan fermerlər bu problemdən çıxış yolu tapmağa çalışırlar.

Gədəbəy deyiləndə ilk ağıla gələnlərin başında kartof durur. Burada becərilən bu bitki həm dadına, həm də keyfiyyətinə görə digər ərazilərdəkindən fərqlənir.

Amma dad və keyfiyyətin yaxşı olması üçün təbii ki, kartofun yetişdirilmə şəraiti də vacib amillərdən hesab olunur. Bütün dünyada olduğu kimi ölkəmizdə də müşahidə edilən quraq iqlim fermerləri bu cəhətdən çətin duruma salıb. Buna baxmayaraq kartof əkənlər öz vəsaitləri hesabına çaylardan borular çəkməklə məhsullarını suvarırlar.

Nofəl Qasımov fermer: Qlobal istiləşməyə görə əsas çətiklik hazırda su ilə bağlıdır. Suvarma yolu ilə istədiyimiz nəticəni əldə edə bilərik. Yalnız suvarma ilə. Yaxında çay var. Çalışırıq ki, belə suvaraq. Gələcək göstərəcək.

Gədəbəydə bu il 10403 hektar sahədə kartof əkilib. Ötən il hər hektardan 114 sentner kartof götürülübsə, cari il hava şəraiti əlverişli olacağı təqdirdə məhsuldarlığın 120 sentnerə qədər qalxacağı gözlənilir. Rayonda əkin zamanı müxtəlif sortlardan istifadə edilib və kartofun saxlanmasında çətinlik olmayacaq.

Asəf Nağıyev Gədəbəy DAİM-in direktoru: Gədəbəy rayonunda kartofun saxlanmasında fermerlərin ayrıca anbarları var. Orada məhsulları dədə-baba üsulu ilə saxlayırlar. Bu da yaxşı effekt verir. Əmiri 600, Telman və Rusiyadan gətirilən rayonlaşmış sortlardan istifadə edirik.

Yığımına avqustun sonunda başlanacaq Gədəbəy kartofunun qiyməti bu il baha ola bilər. 60-70 qəpiyə bazarlara çıxarılan və el arasında həm də ikinci çörək kimi bilinən bu bitkinin 1 manatdan yüksək təklif olunacağı proqnozlaşdırılır. Bu da yağıntının az düşməsi ilə əlaqələndirilir.