• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 29.06.2020 12:08

Qarğıdalı bitkisinin əkini zamanı diqqət edilməli məqamlar

KepezTV Player

Yeyinti sahəsində və heyvandarlıqda geniş istifadə olunan qarğıdalı bitkisinin Göygöl rayonunda becərilməsi davam etdirilir. Rentabelli bitki hesab olunan qarğıdalının aqrotexniki qulluq tələbləri ilə bağlı diqqət olunmalı məqamları əməkdaşımız Valeh Anaroğlunun sujetində. İzləyək.

Respublikada heyvandarlığın və quşçuluğun sürətli inkişafı dənli yem bitkiləri istehsalının daxili imkanlar hesabına ödənilməsindən çox asılıdır. Bunun üçün yüksək məhsuldarlığı olan qarğıdalı sortlarının fermer təsərrüfatlarında səmərəli texnologiya əsasında geniş sahələrdə becərilməsi tələb olunur. Lakin əksər bölgələrdə fermerlər qarğıdalıdan yüksək və keyfiyyətli məhsul əldə edilməsində problemlərlə üzləşirlər. Nəticədə məhsuldarlıq və gəlir aşağı olur.

Niyaz Abbasov - fermer: Gördüyünüz 4 hektar ərazidə qarğıdalı bitkisi əkmişik. Sortu pioner sortudur. Hal-hazırda qarğıdalı bitkisi vegetasiya müddətinin üçdə bir fazasındadır. Yəni gövdələnmə fazasındadır. Qarğıdalıda göydən suvarılma iqtisadi cəhətdən səmərəli deyil. Xəstəlik və zərərvericilərin inkubasiyasına əlverişli şərait yaradır. Qarğıdalı bitkisinin ixtisaslaşmış xəstəlik və zərərvericiləri var. Ən əsas xəstəliyi qovlu sürmə, zərərvericilərdən isə gövdə kəpənəyidir.

Qarğıdalı əkini bir neçə qanunauyğunluqlarla əhatə olunmalıdır. Əkinlər sələf bitkilərin düzgün seçimi və növbəli əkinin tətbiqi ilə aparılmalıdır. Qarğıdalı əkinlərinin yüksək məhsuldarlığını təmin edən amillərdən biri də düzgün əkin sxemi seçilərək torpaq-iqlim şəraitinə uyğun aparılmasıdır. Düzgün aqrotexniki tədbirlərlə torpaqların müdafiəsini təmin etmək lazımdır ki, onlar uzun müddət istifadə edilə bilsinlər.

Kazım Hüseynov - entomoloq: Qarğıdalı bitkisi becərən fermerlərimizin nəzərinə çatdırmaq istəyirəm ki, qarğıdalı əkinlərində müxtəlif zərərverici alaq otları inkişaf edir ki, onlara qarşı vaxtında və düzgün mübarizə tədbirləri həyata keçirilməzsə, ciddi məhsul itkisi ilə qarşılaşa bilərlər. Qarğıdalı əkinlərində müşahidə olunan zərərvericilər əsasən polifak zərərvericilərdir ki, onlar da digər kənd təsərrüfatı bitkiləri ilə də qidalanırlar. Bu da onu göstərir ki, fermerlərimiz qarğıdalı bitkisini əkərkən mütləq çalışmalıdırlar ki, digər bitkiləri bir qədər kənar ərazilərdə becərsinlər.

Qarğıdalı yağı qanda aşağı xolestrola yardımçı olan doymamış yağlar və sterollər baxımından zəngindir. Bu bitki həm də heyvanlar üçün önəmli yem qaynağıdır. Yüksək enerjiyə sahib olan qarğıdalının gövdəsindən hazırlanan silos iribuynuzlu heyvanlar üçün ən sərfəli şirəli yem hesab olunur. Dənindən isə qanadlıların bəslənməsi üçün istifadə olunur. Qarğıdalı qidadan əlavə fişəng, plastik, paltar, antipas, yapıştırıcı, boya, paltaryuyan vasitələr, sabun, aspirin, antibiyotiklər, kosmetik vasitələr, etanol və s. istehsalında istifadə olunur.

Azərbaycanda becərilən rentabelli kənd təsərrüfatı bitkilərindən biri də qarğıdalı bitkisidir. Ancaq qarğıdalı bitkisinin əkini zamanı bir sıra diqqət edilməli məqamlar var. Xüsusilə də düzgün aqrotexniki qulluq tədbirləri və zərərvericilərə qarşı mütərəqqi mübarizə metodlarının tətbiq olunması ilə hektardan 80-90 sentnerə yaxın məhsul əldə etmək mümkündür.

 

Valeh Anaroğlu