• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 18.06.2020 19:21

Nisbi anlayış olan "hüquq"un qorunması

KepezTV Player

Bu gün Azərbaycanda “Milli İnsan Hüquqları Günü”dür. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edib. Prezident İlham Əliyev isə 2007-ci ildə məhz bugünki tarix, yəni 18 iyunun Azərbaycanda “Milli İnsan Hüquqları Günü” kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Hüquq qanunun insanlara verdiyi hərəkət imkanıdır. Bu geniş qavram özündə bir çox anlayışları ehtiva edir.

Səadət Seyidli vəkil: Hüquqlarımız çoxdur. Qanun qarşısında bərabərlik, ədalət, azadlıq, yaşamaq, seçki, vicdan, fikir, yaradıcılıq azadlığı, toplaşmaq, müəyyən ictimai qruplarda, siyasi partiyalarda birləşmək və digər bir çox hüquqlarımız var. Bunları biz həm məişətdə, həm şəxsi, həm də siyasi-ictimai həyatımızda daim istifadə edirik və bəzən istifadə etdiyimizdən xəbərsiz oluruq.

Əfsuslar olsun ki, bu gün nəinki Azərbaycan, bütün dünyada hüquqları tapdanan, daha çox zorakılığa məruz qalanlar qadınlar və uşaqlardır. Həssas kateqoriyanın nümayəndələri üçün hazırda Gəncədə də müvəqqəti sığınacaqlar fəaliyyət göstərir. Ora yerləşdirilən zərif cinsin nümayəndələri ilk növbədə, hər hansı bir fəaliyyət növü seçir və iqtisadi azadlıqlarını təmin edirlər.

Kübra Ələkbərova QHT nümayəndəsi: İqtisadi azadlığı olmayan insan heç bir azadlıqdan danışa bilməz. Yəni, insanın iqtisadi azadlığı olmalıdır ki,  o digər azadlıqlarını da əldə edə bilsin. Çünki insana seçim azadlığını məhz iqtisadi azadlıq verir. Biz xanımların məşğulluqlarını təmin etmək üçün çalışırıq. Onlara müəyyən peşə bacarıqlarına yiyələnməkdə köməklik göstəririk. Biz bunları ona görə edirik ki, onlar iqtisadi azadlıq əldə edib, gələcək həyatlarını qura bilsinlər. İnsan özünə güvənəndə güclüdür, qadın da özünə güvənməlidir. “Mənə kimsə baxacaq, kimsə nəsə eləyəcək” psixologiyasından çıxmalıyıq. İnanıram ki, bu zaman biz qadınların hüquqları daha az pozular.

"Hər kəs düz hərəkət edir" aspekti ilə yanaşsaq o zaman insan hüquqları və onun müdafiəsi, dolayısıyla hüquqi dövlət mövcud olmaz.

Səadət Seyidli vəkil: İnsan faktorunun olduğu hər bir sahədə hüquq pozulması mütləqdir. Bu ailə, sosial, vətəndaş-məmur münasibətlərdən irəli gələ bilər. Təsadüfi deyil ki, Azərbaycanda İnzibati Məhkəmələr var. Onlar vətəndaşların vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi sayəsində yaranan hüquq pozuntuları ilə bağlı münasibətlərə baxırlar. Və yaxud ailə münasibətlərindən yaranan pozuntular var ki, onlara Birinci İnstansiya, Apellyasiya, Ali Məhkəmələrdə baxılır.

"Hüquq" nisbi anlayışdır və onun mütləq şəkildə qorunması mümkün deyil. Lakin insanın öz hüquqlarını bilməsi və bu ifadəni dərk etməsi vacibdir.