• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3134
— 18.06.2020 12:35

Postpandemiya böhranını idarə etmək üçün ölkə strategiyasına ehtiyac var

KepezTV Player

Sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz bunun öhdəsindən gəlir. Ümid edirəm ki, gələcəkdə də bu imkanlar olacaq. Bu fikirləri Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda səsləndirib. Dünya Bankının özünüməşğulluq layihəsində iştirakından danışan dövlət başçısı layihənin təxminən 100 milyon ABŞ dolları həcmində olacağını deyib. Bu il 15 minə yaxın adamın proqramla əhatə edilməsi planlaşdırılır. Preizdent postpandemiya dövrü böhranını idarə etmək üçün ölkə strategiyasına ehtiyac olduğunu vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Çünki bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq.