• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 17.06.2020 20:19

Ağ xalatlı qəhrəmanlar

KepezTV Player

Bu gün gecə-gündüz sağlamlığımızın keşiyində duran ağ xalatlı qəhrəmanların - həkimlərin günüdür. Bu gün onların peşə bayramıdır. Hazırda - koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda isə onların üzərinə ikiqat böyük məsuliyyət düşüb və bu işin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Azərbaycan xalqı, Azərbaycan dövləti öz həkimlərinin bu gərgin əməyini yüksək qiymətləndirir. Bu dəyərin bir nümunəsinin də ötən gün şahidi olduq. Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup səhiyyə işçisi medal və fəxri adlarla təltif olundu. Onların arasında Gəncədən olan səhiyyə işçiləri də var.

Prezident sərəncamı ilə “Əməkdar tibb işçisi” fəxri adı alan iki tibb bacısından biri Cəmilə Məmmədovadır. Gəncə şəhər Abbas Səhət adına 1 nömrəli xəstəxananın Reanimasiya şöbəsində çalışan Məmmədova ömrünün 40 ilini bu peşəyə həsr edib. Cəmilə xanım indi bir çox həmkarları kimi təhlükə ilə üz-üzə işləyir. O, iyunun əvvəlindən koronavirusdan əziyyət çəkən ağır xəstələrin xidmətindədir.

Cəmilə Məmmədova - Əməkdar tibb işçisi: Minnətdaram ki, bu adı mənə veriblər. İnnnən sonrada işləyəcəyik və karanavirusla bağlı işləyirik. Bütün millətimizi çağırıram ki, bir-birinə dəstək olsun. Tibb işçilərini də təbrik edirəm.

Xəstəxananın həkim-uroloqu Zabit Quliyev isə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülüb. 30 ilə yaxındır Gəncənin müxtəlif səhiyyə ocaqlarında çalışan Quliyev 9 ildir Gəncə şəhər Abbas Səhət adına 1 nömrəli xəstəxananın Urologiya şöbəsinin müdiridir. Bu çətin dövrdə xəstələrin şəfa tapması üçün gecə-gündüz əməyini əsirgəmir.

Zabit Quliyev - "Tərəqqi" medalı mükafatçısı: Təsadüfən eşitdim. Mənim qızımda həkimdi. Qızım Bakıdan anasına zəng etdi, anası da mənə məlumat verdi ki, sərəncamda mənim də adım var. Çox sevindim bu çox bötyük bir həyacandı. Öz dərin təşəkkürümüzü bildiririk və biz xalqımızı bu yolda məsuliyyətlə xidmət etmişik. Bu isə bizim məsuliyyətimizi bir azda artırır.Əlbəttə çalışacağıq ki, xalqımıza daha da məsuliyyətlə xidmət edək, tibbi yardım göstərək.

Gəncənin "Tərəqqi" medalına layiq görülən daha bir həkimi Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatoloqu Adil İbrahimlidir. 71 yaşlı həkim ömrünün 45 ilini səhiyyə sahəsində səmərəli fəaliyyətlə keçirib və onun bu xidmətləri diqqətdən kənarda qalmayıb.

Adil İbrahimli - "Tərəqqi" medalı mükafatçısı: Belə bir ağır dövrdə işləyirik. Hətta virusa görə gecəmiz gündüzümüz yoxdu. Daha da çox diqqətimizi artırırıq ki, xalqımız millətimiz bu bəlanı rahatçılıqla keçirsin. Mən nə qədər həyatda sağam öz əmək fəaliyyətimi xalqımızın üstündən əskik etmiyəcəm.

Gəncədə 11 xəstəxana və 10 poliknikada 736 həkim, 1134 tibb bacısı çalışır. Onlardan 5-i "Tərəqqi" medalçısıdır, 6-sı Əməkdar həkim, bir nəfər isə Əməkdar səhiyyə işçisi fəxri adı daşıyır.

 

Elnur Vahidoğlu