• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 12.06.2020 19:58

Gəncədə həkim çatışmazlığı ilə bağlı məsələ araşdırılacaq

KepezTV Player

Azərbaycanda bu gün 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 3992-dir. TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri deyib ki, vaxtında həkimə müraciət etməmək ölüm hallarının artmasına gətirib çıxarır. Yoluxma çox olsa, yüngül vəziyyətdə olan xəstələr məcburən evdə qalacaq. İndiyə kimi koronavirusa yoluxan 10-a yaxın tibb işçisi dünyasını dəyişib. O, Gəncədə həkim çatışmazlığı ilə bağlı məsələnin araşdırılacağını da vurğulayıb.

14-16 iyun tarixlərində xüsusi karantin rejimində yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın icazə verdiyi dövlət və özəl qurumların əməkdaşları icaze.gov.az saytı vasitəsilə icazə ala biləcəklər. 210 minə yaxın işçi üçün artıq icazə alınıb.

Dializ xəstəsi olan şəxslər “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzinə zəng etməklə müvafiq tibb müəssisələrinə çatdırılmaları ilə bağlı müraciət edə bilərlər.

Zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar da 108 “Çağrı” Mərkəzinə zəng vura biləcəklər.

Sərtləşdirilmiş karantin günlərində yalnız təcili tibbi yardıma ehtiyac olduqda və ya yaxın qohumun dəfn mərasimində iştırak etmək üçün evdən çıxmağa icazə veriləcək.

Digər rayonlarda yaşayan sakinlər sərt karantin rejimi tətbiq olunan rayonun ərazisindən sərbəst keçə bilərlər. Ancaq yadda saxlanılası bəzi nüanslar var.

Sərt karantin rejimi Lənkəran şəhərinin yalnız özündə tətbiq ediləcək. Rayonunun digər kəndlərində bu rejim nəzərdə tutulmayıb. Bununla yanaşı İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarının bütün ərazilərində sərt karantin rejimi tətbiq olunduğuna görə bu qadağa həmin rayonların kəndlərini də əhatə edəcək. 9 şəhər və rayonun ərazisindən tranzit formada keçmək istəyənlərin diqqət etməli olduqları məqamlardan da danışılıb.

Fəaliyyətinə icazə verilən təşkilatların əməkdaşlarının avtomobilləri barədə məlumat da “icazə.gov.az” portalına daxil edilməlidir. Bəzən ele hallar olub ki, şəxsin adı 1-2 saat sonra portala daxil edilib. Təşkilatın rəhbəri adları gec daxil etdiyi üçün polisin yazdığı cərimə qanunidir və ləğv oluna bilməz. İddia edən şəxslər varsa ki, adları hansısa texniki səbəbdən portala düşməyib, o cərimələr ləğv edilə bilər. Heyvanların küçəyə çıxarılması ilə bağlı yaradılan imkandan sui-istifadə hallarına ciddi nəzarət olunacaq.

Çimərliklərlə bağlı isə xüsusi proqram hazırlanır. Məqsəd vətəndaşların çimərliyə gedərkən yer olub olmamasını əvvəldən bilməsini təmin etməkdir.