• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 11.06.2020 18:10

Həkimsiz qalmış Yeni Zod sakinləri

KepezTV Player

Bölgələrdə həkim çatışmazlığı illərdir öz aktuallığını itirmir. Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya və digər müayinələrin aparılması üçün imkanlar artırlır. Buna baxmayaraq kənddə yaşayan əhalinin şəhərə axını azalmır. Mövcud problemlə Göygölün Yeni Zod kəndinin sakinləri də üzləşiblər. Məsələni əməkdaşımız Valeh Anaroğlu araşdırıb. Gətirək kənd sakinlərinin narazılığına səbəb olan məsələ ilə bağlı videomaterialımızı ekranlara.

Səfalı təbiəti, Kəpəz mənzərəsi olan Yeni Zod kəndi. Göygöl rayonundakı bu yaşayış yerindəki həkim məntəqəsi çoxları üçün ümid ocağı olsa da, həkim yoxluğu ümidləri puç edir. Kənddə həkim olmadığından sakinlərin səhətində problem yaranan zaman rayon mərkəzinə üz tutmaq məcburiyyətində qalırlar. Bu isə əlavə xərclərə gətirib çıxarır, sağlamlıq üçün təhlükə yaradır.

Firdus Qasımov sakin: 1 ilə yaxındır ki, həkimimiz yoxdur. Bu da öz növbəsində müəyyən problemlər yaradır. Uşaq var, körpə var, yaşlı adamlar. Təcili tibbi yardım lazım gəldikdə, çətinlik çəkirik, rayona üz tutmaq məcburiyyətində qalırıq. Bu da xərclər tələb edir. Aparmaq, gətirmək. Kəndə yeni həkimin təyin olunmasını xahiş edirik.

Yəhya Süleymanov sakin: Xəstələrimiz olur, kənddən rayona çatdırana qədər hadisə baş verir. Bir insanın ürəyi ağrıdı, ya hansısa hadisə oldusa, lazımdır ki, rayona gedək. İxtisaslı həkim olsa, yerində təcili tibbi yardım göstərilər. Həmin adam da sağlam qalar.

Sakinlər deyir ki, adıçəkilən kənddə əvvəlki dövrdə belə bir problem yaşanmayıb. Kənddə son olaraq fəaliyyət göstərən həkim yaş həddi ilə əlaqədar olaraq işdən çıxarılıb və yerinə təyinat olmayıb. Kənddə tibb bacıları olsa da, bu sakinləri qane etmir.

İlqar Hacıyev icra nümayəndəsi: Bizim baş həkimimiz yaş həddini keçdiyi üçün təqaüdə göndərildi. 1 ildir ki, kənd xəstəxanasında baş həkim yoxdur. Ürəyi ağrıyan, hamilə qadınlar, şəkər xəstəsi olanlar üçün müəyyən profilaktiki tədbirlər və dərmanlar tibb bacıları tərəfindən təmin olunur. Ancaq bizim baş həkimə ehtiyacımız çoxdur, təyinat mütləqdir.

"Həkimsiz kənd məntəqəsi"ndə 4 tibb bacısı və 1 stomatoloq fəaliyyət göstərir. Onlar da sözügedən məkanda kənd sakinlərinə bacardıqları qədər "xidmət" göstərməyə çalışırlar.

Halə Mustafayeva tibb bacısı: Əlimizdən gəldiyi qədər kənd sakinlərinə xidmət göstəririk. İstər gecə olsun, istər gündüz olsun. İş saatlarından sonra müraciət edənlərə də köməklik göstəririk. Əhali gəlib bizə müraciət edir, həkim çatışmazlığı olduğu üçün rayon mərkəzinə üz tutmaq məcburiyyətində qalırlar. Yol uzun olduğu üçün bu da onların haqlı narazılığına səbəb olur.

Problem kadr çatışmaqlığından qaunaqlanır. Göygöl Rayon Mərkəzi Xəstəxanasında da problemdən halidirlər.

Vasif Əliyev Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın direktoru: Hal-hazırda orada terapevt ixtisası üzrə vakansiya mövcuddur. Biz Rayon Mərkəzi Xəstəxanası olaraq bütün vakansiyaları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etmişik. Orada hal-hazırda həkimlərin işə qəbulu komissiyası yaradılıb. Önümüzdəki aylarda gənc həkimlərin bölgələrdə işlə təmin olunması ilə bağlı iş həyata keçiriləcək.

Yeni Zod kəndində yaşanan problemin timsalında, ucqar kəndlərin həmişəcavan probleminin öz həllini tapacağını gözləmək isə sadəcə zaman məsələsidir.

Valeh Anaroğlu