Ölkənin ikinci böyük şəhərində də ötən həftə sonu tətbiq edilən sərt karantin rejimi Polisin tam nəzarəti altında olub. Qaydaları pozanlar məsuliyyətə cəlb edilib. 2 gün ərzində təcili yardıma müraciətlər də artıb.
Gəncədə şənbə və bazar günləri hərəkət tam şəkildə məhdudlaşdırılıb, küçələr boşalıb, mağazalar və apteklər fəaliyyət göstərməyib. Dövlət müəssisələri fəaliyyətini dayandırıb. Gəncənin bütün küçələrinə, yaşayış massivlərinə və prospektlərə şəhər Baş Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların əsgərləri cəlb olunub. Polis avtomobilləri ilə ara küçələrdə karantin qaydalarına əməl edilməsi istiqamətində reydlər təşkil olunub. Yoxlamalar zamanı şəhərin Nizami rayonunda sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb. Sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb. İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb. Ümumilikdə isə Gəncədə ciddi karantin qaydalarını pozanlara az rast gəlinib, həmçinin polis əməkdaşları humanist yardımlar da edib.
Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Gəncə şəhər ərazisində də vətəndaşların müraciətinə uyğun olaraq bir neçə mənzilə su çatdırılıdı, çörək ehtiyatı bitən vətəndaşlara çörək təqdim edildi. Bundan başqa digər şəhərlərdən həyati riski olan xəstələr gəlmişdi ki, şəhər xəstəxanalarına çatdırılmalı idi. Şəhərin giriş və çıxışını məhdudlaşdıran postlarda həmin polis əməkdaşları dərhal xidməti avtomobilləri ilə təcili şəkildə aidiyyatı xəstəxanalara çatdırıldı. Şəhərin böyük əksəriyyəti sərtləşmiş karantin qaydalarına riayət etdi. Çox az bir qismi var idi ki, icazəsiz çölə çıxmışdı ki, bunla bağlı da Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları müvafiq qanuna uyğun tədbirlər görüldü, onlar inzibati məsuliyyətə cəlb olundu.
Sərtləşmiş karantin günlərində Gəncədə Təcili Tibbi Yardım xidməti də gücləndirilmiş iş rejimində çalışıb. Tibb işçiləri 20 həkim birqadası ilə əhaliyə xidmət göstərib. İki gün ərzində Gəncə şəhəri üzrə çağırışların sayı iki dəfə artaraq 700-ə çatıb.
Mahmud Əliyev - TTTYS-nin həkimi: Evdə xroniki, ürək-damar, tənəffüs sistemili, şəkərli xəstələr var idi ki, aptek eləcə də hər yer bağlı olduğu üçün nəqliyyat yox idi. Bunların hamısı müraciət edirdilər. Bizdə gücləndirilmiş iş rejimində işlədik. Dialezli xəstələr də var idi ki, onların daşınmasında, xroniki xəstələrə vaxtlı-vaxtında həkimlərimiz öz köməkliklərini göstərdilər.
Sərtləşmiş karantin qaydaları bitsə də şəhərin giriş və çıxışlarındakı polis postları qalıb. Ancaq iş və xidməti yerlərin, ictimai nəqliyyat və iaişə obyektlərinin fəaliyyəti bərpa olunub.
- Baxış: 422