• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 03.06.2020 20:04

Dolu və leysanın xeyri və ziyanı

KepezTV Player

Dünən qərb bölgəsinə yağan leysan və dolu kənd təsərrüfatına təsirsiz ötüşməyib. Hava şəraiti Göygöldə bəzi sahələrə xeyir versə də, becərilən ərazilərin bir hissəsinə ziyan vurub.

Əsasən rayonun dağlıq yerlərinə yağan dolu meyvə və tərəvəzlərə zərər yetirib. Topalhəsənli kəndində hazırda meyvə bağlarında çiçəkləmə dövründə olan və yetişməsinə qısa vaxt qalan kənd təsərrüfatı bitkilərinə təbiət hadisəsi təsirsiz ötüşməyib.

Mübariz Yusifov - kənd sakini: Yağışın ziyanı olmasa da, dolunun ziyanı çoxdur. Məhsuldarlığa təsir edir. Meyvələrdə zədə və xəstəlik əmələ gətirir. Bizim də dolanışığımız göyəli, zoğal, moruqdandır.

Sahil Abdiyev - kənd sakini: Xırda-xırda dolu tökdü. Kartofun, moruğun çiçəyinə ziyan vurdu. Lobyanı, kartofu, moruğu azar aparır. Ləkə salacaq, bütün meyvələr zədə alıbdı. Bir müddətdən sonra yerə töküləcək.

İndi biçin dövrü olmadığından dolu taxıl sahələrinə zərər yetirməyib. Bununla bərabər yağan yağışın dəmyə ərazilərdə əkilən buğda və arpaya böyük xeyri dəyib. Onsuz da quraq keçən mövsümdə yağıntının leysan şəklində düşməsi fermerlər üçün göydəndüşmə olub.

Aydın Cəfərov - fermer: Dolu xeyirli şey deyil. Bütün təsərrüfatlara ziyan vurur. Bizdə taxıl boriya deyirik boriyə gedir. Ona görə də zərəri olmadı. Ancaq dolu biçin dövründə yağsaydı taxıla olduqca böyük ziyan verərdi. Ancaq bir tərəfdən də yağış quraqlıq yaşandığı üçün lazım idi. Yağıntının xeyri oldu. Bəzi yerləri elə bil ki, suvarma kimi suladı.

Yağıntının taxıla xeyrini Göygöl Dövlət Aqrar İnkişaf Məzkəzində də təsdiqləyirlər. Dolu və yağış yalnız ucqar kəndlərdəki xırda təsərrüfatlara ziyan vurub.

Adil Kərimzadə - Göygöl DAİM-in bitkiçilik sektorunun müdiri: İntensiv yağış və dolu Göygöl rayonundakı yüksək ərazilərdə yerləşən kəndlərdə - əsasən Sarısu, Quşçu və Qarabulaqda kartof bitkisinə və həyətyanı sahələrə çox cüzi ziyan vurmuşdur. Çünki dolu çox qısa müddətdə yağmışdır. Bu səbəbdən də, narahatlığa əsas yoxdur. Göygöl rayonun ərazisi əsasən dəmyə əkinlərdən ibarət olduğu üçün dünənki yağışın həmin taxıl sahələrinə çox böyük xeyri olmuşdur. Çünki taxıl hazırda mum yetişmə fazasındadır. Bu dövrdə yağışın yağması dən suyuna bərabərdir.

Göygöllə yanaşı dolu və leysan xarakterli yağış Goranboy və Dəşkəsəndə də müşahidə olunub.