• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 02.06.2020 20:39

Onlayn şahmat yarışlarının sayı artıb

KepezTV Player

Dünyada 35 milyon insan internet üzərindən şahmat oynayır. Bura həm həvəskarlar, həm də peşəkarlar daxildir. Hər gün canlı olaraq 5 milyon şahmatçı mütamadi onlayn yarışlarda iştirak edir. Bu statistik məlumatlar onu göstərir ki, koronavirus pandemiyasına baxmayaraq digər idman növləri ilə müqayisədə şahmatla məşğul olanların, oynayanların sayı azalmayıb.

Texnologiyanın sürətlə inkişaf etdiyi 21-ci əsrdə dünya şahmatı yeniliklərə daha açıq olub. Bu sırada müxtəlif proqram təminatlarından yararlanmaqla yarışların onlayn şəkildə keçirilməsi də var.

Şaiq Quliyev məşqçi: 15-20 ildir ki, onlayn şahmat oyunları keçirilir. Məşqçilər tələbələrini onlayn vasitəsi ilə hazırlayırlar. Son dövrlərdə də onlayn yarışların sayı artıb.

Mövcud duruma uyğun olaraq şahmat yarışlarının bəziləri başqa tarixə keçirilsə də, digərləri təxirə salınmayıb. Turnirlər internet üzərindən onlayn reallaşıb.

Şaiq Quliyev məşqçi: Avropa şahmat təşkilatı onlayn qitə çempionatı keçirdi. Azərbaycan şahmatçıları da bu yarışda iştirak etdi. FİDE "koronavirusu mat edək" adlı layihəyəyə start verib. Hər gün şahmat portallarında yarışlar keçirilir.

Şaiq Quliyevin sözlərinə görə, yarışların bu şəkildə təşkilinin müsbət və mənfi tərəfləri də var.

Şaiq Quliyev məşqçi: Vəziyyətə görə onlayn yarışların keçirilməsi ideyası əladır. Şahmatçılar xərc etmədən evdə oynayırlar. Bu, onların maddi durumuna müsbət təsir göstərir. Burada bəzi mənfi cəhətlər də var. Müəyyən qurğulardan, şahmat proqramlarından istifadə edib oynayanlar da var.

Gəncədə də pandemiya dövründə onlayn şahmat turnirləri təşkil olunub. Yerli şahmatçılar eləcə də respublika və beynəlxalq səviyyəli turnirlərdə iştirak ediblər.