AFFA-nın İcraiyyə Komitəsi Birinci Divizionda mövsümün dayandırılması haqda qərar çıxarıb və hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunub. Hərçənd ki, Premyer Liqa və Azərbaycan Kubokunun ardından divizionda da oyunların davam etdiriləcəyini gözləmək olardı.
Əli Səmədov “Kəpəz”in kapitanı: Biz də Premyer Liqa kimi çempionatımızın davam etdirilməsini istəyərdik. Amma neyləmək olar, AFFA verdiyi qərardır, hörmətlə yanaşırıq.
Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda işıqlandırma sisteminin müvafiq tələblərə cavab verməməsi qəbul edilən qərara təsir edib. İştirakçı klublarla aparılan müzakirələr də nəzərə alınaraq aşağı liqada mövsüm dayandırılıb.
Mövsümün əvvəlində bağlanılan müqavilələlərə uyğun olaraq Gəncə komandasında may ayının sonunda əksər futbolçuların klubla anlaşması başa çatıb. Bununla belə, çempionat davam etdirilsəydi, “Kəpəz”in üzvləri maaş almadan oynamağa hazır olublar.
Əli Səmədov “Kəpəz”in kapitanı: Bizim müqavilələr may ayında bitib. Buna baxmayaraq uşaqlarla danışmışdıq ki, iyun-iyul aylarında oyunlar keçirilsə, təmənnasız oynayaq. "Kəpəz" doğma klubumuzdu.
Yekunlaşmayan çempionatda “Kəpəz” 6-cı yeri tutub. Komanda mövsümdə sonuncu oyununu martın 12-də “Sabah”ın ikinci komandasına qarşı keçirib və doğma meydanda 1:0 hesabı ilə qələbə qazanıb.
- Baxış: 1315