• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 30.05.2020 20:17

Baramaçılığın inkişafı diqqət mərkəzindədir

KepezTV Player

Dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Samux rayonunda da bu fürsətdən yararlananlar az deyil.Rayonda baramaçılıqla bağlı mövcud vəziyyət əməkdaşlarımız tərəfindən hazırlanan sujetdə öz əksini tapıb. İzləyək.

Kənd təsərrüfatının ən sərfəli və ən gəlirli sahələrindən biri olan baramaçılıq. Azərbaycanda baramaçılığa göstərilən dövlət dəstəyindən Samuxlu fermerlər də yararlanır.

Baramaçılığın bərpa olunması əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Samux rayonunun zəhmətkeşləri yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.

Bəhruz Sadıqov kümçü: Samux rayonunun Füzuli kəndində baramaçılıqla məşğulam. Gün ərzində 3 dəfə tut və çəkil ağaclarının yarpaqları ilə yemləyirik. Gecəmiz gündüzümüz buradadır. Məhsuldarlığı yaxşı olmaqdan ötrü gərək yaxşı baxasan. Yarpağı gətirəsən, doğrayasan, yemləyəsən. Məhsuldarlığı da 65-70 kq arası gözləyirəm.

Nurəstə Nəsibova kümçü: 2 qutu götürmüşük. Zəhməti çoxdur, yem bazasını təşkil etmək çox çətindir. Yol kənarlarından yığmışıq. Mənim baramaçılıqdan heç xəbərim olmayıb. Uşaq vaxtı təxmini görmüşəm. Bizə verilən təlimat əsasında yem saatlarına diqqət edərək 2-3 saatdan bir yemləmişəm. Növbəlilik əsasında uşaqları qoymuşuq, saat 2-də biri oyanıb, 5-də bir digəri. Hər qutuya 110-120 kq gözləyirəm.

Rayonda ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər diqqətdə saxlanılır. Kümçülərin çətinlik yaşamaması üçün məqsədyönlü iş aparılır.

Murad Qədimov Samux DAİM-in Heyvandarlıq sektorunun məsləhətçisi: Bu il Samux rayonunda kümçülərə 50 qutu tut ipəkqurdu verilmişdir. Tut ipəkqurdundan alınan hər kq ipəyə görə kümçülərə 5 azn subsidiya nəzərdə tutulub. Bu da kümçülərin bu sahəyə olan marağını daha da artırır. Kümçülərə daimi nəzarət olunur, onların mövcud problemləri ilə maraqlanırıq. Kənd icra nümayəndələri və bələdiyyə rəsmiləri ilə bu məsələləri müzakirə edirik, problemləri həll etməyə çalışırıq.

Tarixdə elə bir dövr olub ki, ipək valyuta kimi də istifadə olunub. Bu gün də onun dəyəri çox yüksəkdir. Ümumiyyətlə baramaçılıq əməktutumlu sahə olduğu üçün işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynayır. Ötən il Respublikada 647 ton barama istehsal olunub. Dövlət proqramına əsasən 2025-ci ildə ölkədə barama istehsalı 6 min tona çatdırılmalıdır.

Valeh Anaroğlu