• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 29.05.2020 20:12

Xüsusi karantin rejiminin müddəti uzadılıb

KepezTV Player

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Məhdudiyyətlərin bir qismi aradan qaldırılıb. İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunurmu, hansı məkanlarda maska taxmaq məcburi olacaq? Bu və digər suallara Nazirlər Kabineti yanında Operativ qərargahın təşkil etdiyi brifinqdə aydınlıq gətirilib.

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Sosial məsafəni gözləmək şərtilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət orqanlarının binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tibbi maskadan istifadə edilməlidir. Bu qərardakı tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Diqqətə çatdırılıb ki, hansısa rayonda koronavirus ocağı aşkarlanarsa, o rayonun qapadılması və xüsusi karantin rejiminin tətbiqi mümkündür. İyunun 8-dən sonra daxili uçuşların, xüsusilə Gəncə və Naxçıvana uçuşların bərpası gözlənilir. Bu halda təyyarədə sərnişinlərin sayı məhdudlaşdırılacaq: “Eyni zamanda tətbiq edilən qaydalarla bağlı beynəlxalq və yerli uçuşların da sayının azalacağı gözlənilir”.

İbrahim Məmmədov bildirib ki, əgər beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrdən koronavirusla bağlı testdən keçmə ilə bağlı sənədləri qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin digər ölkədə karantindən keçməsinə ehtiyac olmasın. TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bu günə olan statistik məlumatları diqqətə çatdırıb.

Gəncədə 481, Masallıda 47, Goranboyda 30, Xaçmazda 31 nəfərin koronavirusa yoluxması aşkar olunub: Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdə yoluxma yüksək səviyyədədir. Kürdəmirin Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb. Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür. Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Abşeronda 9,2 faiz, Lənkəranda 8,6 faiz təşkil edir. Yoluxanların 5,4 faizi xaricdən gələnlərdədir. Vurğulanıb ki, yoluxma sayının atrmasının səbəbi vətəndaşların qaydalara riayət etməməsi ilə bağlıdır.

Narahaetdici məqamlardan biri də yas yerlərində kütləvi yoluxmaların baş verməsidir. Xüsusən rayonlarda bu qadağalara riayət olunmur.

“Şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqi yenə gündəmdədir. Əgər qarşıdakı günlərdə yoluxmada artım olsa, iyun ayında və bayram günlərində məhdudiyyətlər tətbiq oluna bilər: Qapalı idman müəssisələrində fəaliyyətin bərpası, bağçaların açılması nəzərdə tutulmur. Şadlıq saraylarının işini bərpa edib-etməyəcəyinə münasibət bildirərkən deyilib ki, toyların keçirilməsi və şadlıq saraylarının işləməyə başlaması bir qədər problemli görünür, hər şey yoluxmanın səviyyəsindən asılıdır”.Qayda pozanlara qarşı ictimai qınağın əhəmiyyətindən də danışılıb. Bunun üçün xüsusi portal yaradılıb.