• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 703
— 26.05.2020 11:43

Gəncə üsyanının 100-cü ildönümüdür

KepezTV Player

Sovet işğalına qarşı 1920-ci ilin mayın 25-də başladılan Gəncədəki xalq üsyanından bu gün 100 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin hərbçilərinin rəhbərliyi altında baş verən üsyan ölkə boyu hürriyyət atəşinə səbəb olub. Tərtər, Lənkəran, Qarabağ, Zaqatala, Quba və digər bölgələrdə bunabənzər üsyanlar baş tutsa da, heç biri Gəncə üsyanı qədər böyük olmayıb.

Düz 100  il bundan əvvəl, 1920-ci il mayın 25-dən 26-na keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncədə rus-sovet işğalçılarına qarşı ümumxalq üsyanının əsl mahiyyəti totalitar rejimin mövcudluğu dövründə gizli saxlanılır, bu tarixi hadisə xalqa “bir ovuc Müsavat tör-töküntüsünün”, “banditlərin”, “quldurların” baş qaldırması kimi təqdim olunurdu.

Azər Axundov tarixçi: Bəs əsl həqiqətdə 1920-ci ilin həmin günlərində Gəncədə, ümumiyyətlə, rus-bolşevik təcavüzünə məruz qalmış Azərbaycan ərazilərində nələr baş verirdi?

Üsyanın başlanması bolşevik hakimiyyətinin mənafeyinə uyğun olaraq belə təsvir olunsa da, Azərbaycan ərazisində Sovet hökumətinin mövcudluğu dövründə Gəncə üsyanı “əfsanəvi” 11-ci ordu tərəfindən xalqımıza qarşı törədilən cinayətləri, totalitar rejimin qəddarlığını əks etdirən ən parlaq epizod kimi tarixə düşmüşdür. 11-ci ordu hissələrinin proletar hakimiyyətinin "düşmənləri”nə  qarşı apardığı “fədakar” mübarizənin əsl mahiyyətini arxiv sənədləri tam çılpaqlığı ilə üzə çıxarır.

Azər Axundov tarixçi: Dağıldıqdan sonra Gəncəyə sovet rusiyası tərəfindən göndərilən əsgərlərin öz başınalığına dair.

Hər tərəfdən mülkədarlar, bəylər və onların əlatlıları buraya gəlmişdilər. Üsyan üçün zəmin hazırlanmışdı. Mayın 25 və 26-da Müsavat partiyası denikinçi və türk zabitlərlə, habelə ruhanilərlə birlikdə əks-inqilabi qərargah yaratmışdılar. Mayın 26-na keçən gecə saat 2-də üsyan başlandı. Yerli təşkilat və hərbi qüvvələr bunu qətiyyən gözləmirdilər.Şəhərin birinci hissəsində yerləşən 20-ci diviziyanın xeyli hissəsi tutularaq tərksilah olundu. Bütün qoşun hissəsi isə həbs edildi. Səhərə yaxın şəhərin ikinci hissəsində cəmi 200 əsgər və bir neçə yerli kommunist qalmışdı...

Üsyan etmiş igidlər şəhərin birinci hissəsini tamamilə ələ keçirərək öz hökümətlərini yaradıb nazirlərini təyin etdilər. Mayın 26-da səhərə yaxın şəhərin ikinci hissəsi mühasirəyə alındı...

Gəncədə qalxmış üsyan dalğası sürətlə yaxınlıqdakı rayonlara da təsir edərək bütün ölkəni bürümüşdü. Bu çıxışların sovet hakimiyyəti üçün nə ilə nəticələnə biləcəyini anlayan 11-ci ordu qərargahı Gəncə üsyanı baş verən günü bütün hərbi hissə komandirlərinə aşağıdakı məzmunda direktivlər göndərmişdi.

“ Bakı, 26 may, 60 №-li xüsusi məxfi-operativ direktiv. Yelizavetpolda üsyan qalxıb. Bir qədər əvvəl belə bir üsyan Tərtərdə yatırılıb. Bakıda Ümumi üsyan gözlənilir... Biz bu mübarizəyə hazır olmalıyıq. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası ərazisi hərbi rayonlara bölünür, üsyanların  qəddarlıqla yatırılması həmin rayonların məsul rəislərinə tapşırılır...

Üsyanı yatırarkən rayon rəisləri ləğvetmə əmrini gözləməməlidirlər, çünki, rabitə hər an pozula bilər. Müstəqil hərəkət edilməli, üsyanları məhv etmək üçün tam təşəbbüs göstərilməli, bütün şübhəli ünsürlər məhkəməsiz güllələnməlidir. Üsyanın qarşısını almaq üçün əhalinin ən görkəmli və nüfuzlu təbəqələri arasından gələcəkdə güllələnmək üçün 4 nəfər girov götürülməlidir. Kiçik qığılcımlar sərtlik və amansızlıqla yatırılmalı, əgər üsyanların inkişafı milli və dini münaşiqə zəminində kütləvi fövqaladə hal xarakteri alarsa, o zaman hamımız Bakıya üz tutmalı və şəhəri bütün ziyanlı ünsürlərdən təmizləməliyik. Daha sonra respublikanın digər ərazilərində üsyanlar amasızcasına yatırılmalıdır”.

1920-ci il 27 may səhər 16-cı və 18-ci diviziyalar Gəncəyə gəldi. O andan etibarən üsyan yatırılmaya başlandı... Cənab müsavatçılar 6 gün mübarizə apardılar. Qızıl ordunun vəziyyəti çox ağır idi. Üsyanın yatırılması zamanı çoxlu sovet əsgəri həlak oldu... İyunun 1-nə keçən gecə 11-ci  ordu hərbi şurasının tapşırığı ilə üsyan yatırıldı. Gəncə dağıdılmış məzarlığa çevrilmişdi. Sığınacaq kimi istifadə edilə biləcək  tək bir ev də qalmamışdı. Şəhərin bütün təsərrüfatı dağıdılmışdı...”Gəncə üsyanını görünməmiş qəddarlıqla yatıran 11-ci ordu birləşmələri Azərbaycan xalqı üzərində öz “qələbələrini” hərəkatı boğduqdan  dərhal sonra Bakıda keçirdikləri hərbi paradla qeyd etdilər.

Gəncə üsyanı tariximizin istiqlaliyyət mübarizəmizin azadlıq eşqi ilə yanan xalqımızın şərəfli döyüş yoludur. Gəncə üsyanı zamanı şəhid olmuş soydaşlarımıza rəhmət diləyirik. Bugünkü müstəqilliyimizin qurucuları dünənin və bugünün şəhidləridi.