• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 25.05.2020 18:38

17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı

KepezTV Player

Bakıda qardaşların külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri və psixotrop maddələri “qara” bazarda satmaq sevdası baş tutmayıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları bunun qarşısını alıblar. Ancaq yarım qalan qara əməllər bununla yekunlaşmayıb. Sıradakı videomaterialda onlardan xəbər tutacaqsınız.

Əməliyyat təbirləri nəticəsində Bakı sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 98 qram heroin və 519,789 qram metamfetamin aşkar olunaraq götürülüb. Ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov verib. O da tutularaq məsuliyyətə cəlb edilib. Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kiloqram 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb. 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul edib. Saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq həmin yerlərin şəklini çəkib “Whatsapp” anı mesajlaşma şəbəkəsi vasitəsi ilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu iranlının hesabına yükləyəndən sonra narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb. 

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Rauf Abdulraxmanov saxlanılıb. Ona məxsus, Binə qəsəbəsi “Bolluq” yaşayış massivində yerləşən evin həyətinə baxış zamanı kultivasiya yoli ilə yetişdirilən yaş halda çəkisi 97 kiloqram 680 qram olan 587 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan əlavə oradan 47 ədəd dibçəkdə yeni yetişdirilən çətənə bitkisi və 5 kiloqram 560 qram qurudulmuş marixuana da aşkar olunub. Abdulraxmanov ifadəsində narkotik tərkibli bitkiləri aprelın əvvəlində əkdiyini və onlara xüsusi qulluq etdiyini etiraf edib. Məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Onun evdə gizlətdiyi odlu silah-sursat da aşkar edilib. Belə ki, mənzildən ona məxsus 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silah, həmin silaha aid 3 ədəd sandıqça və 38 ədəd döyüşə yararlı patron aşkar olunaraq götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Balakən polisi isə Qazma kənd sakini 51 yaşlı Rasim Bodurovu saxlayıb. Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış zamanı dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi çətənə bitkiləri aşkar edilib. Faktlar araşdırılır.