• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 22.05.2020 19:46

Restavrasiyaya ehtiyacı olan abidələr var

KepezTV Player

Gənc nəsil mənsub olduğu xalqın tarixini dərindən öyrənib, öz doğma vətəni ilə fəxr etməlidir. Bunun üçün gənclərdə milli-mənəvi tərbiyəni formalaşdırmaq vacibdir və lazımdır. Bu baxımdan tarixi abidələrin mühafizəsi, gənc nəsillərə tanıdılması çox önəmlidir. Goranboy rayonunda isə tarixi abidələrlə bağlı analoji vəziyyət heç də ürəkaçan deyil.

Goranboy rayonunun Rəhimli kəndində yerləşən Mirzə Adıgözəl Bəy türbə kompleksinin yerli imkanlar hesabına qorunması və təmizliyinə nəzarət edilsə də, görünən odur ki, bu səylər abidənin gələcək nəslə ötürülməsinə kifatət etmir.

Məşhur Qarabağnamə əsərinin müəllifi Mirzə Adıgözəl Bəy və onun qohumlarının uyuduğu türbələr hal-hazırda bərbad vəziyyətdədir. Məsuliyyətsiz yanaşma nəticəsində Goranboy rayonunda 18-ci əsrdə inşa edilmiş bu türbələr restavrasiyaya ehtiyacı olan abidələr sırasındadır.

Akif Mustafayev - abidə mühafizəçisi: Goranboy rayonunda Nazirlər Kabinetinin qərarına əsasən 30 dövlət qeydiyyatında olan abidə var. Onlardan 19-u arxeoloji, 9-u memarlıq abidəsi, 2-i tətbiqi sənət nümunəsidir. O cümlədən rayon ərazisində 40 ədəd yeni aşkar olunmuş abidə var. Dövlət investisiya planına salınan abidələrimiz də mövcuddur. Hal-hazırda ərazisində olduğumuz Mirzə Adıgözəl Bəy Türbəsi dövlət investisiya planına salınmışdır. Yaxın vaxtlarda restavrasiya olunması nəzərdə tutulmuşdur.

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən “QızılHacılı Bəy Evi” sakinlərin sözlərinə görə 18-ci əsrin əvvəllərində inşa edilib. Hacı Həvil Ağa tərəfindən inşa edilən bina sovet hakimiyyəti illərində orta məktəb, uşaq bağçası və peşə məktəbi kimi fəaliyyət göstərib. Tikili hal-hazırda qəzalı vəziyyətdə olmaqla yanaşı, tamamilə məhv olmaq üzrədir.

Qabil Verdiyev - sakin: Qızılhacılı sakiniyəm. Uzun illərdir burada yaşayıram. Müvəqqəti olaraq gördüyünüz bu binada məskunlaşmışam. Əlaqədar qurumlardan xahiş edirəm, bu binanın təmiri ilə bağlı iş görsünlər. Qədimi abidədir. Bura bizim keçmişimizdir, gələcəyimizdir. Gənclərimiz keçmişimizi bilməlidir, binanı kimin tikdirdiyini bilməlidir. Bilsələr yaxşı olar.

Sultan Verdiyeva - sakin: Mən gözümü açıb, uşaq vaxtlarımdan buranı, bu binanı görmüşəm. İndi təmirsiz vəziyyətdədir. Bu bina əvvəl belə deyildi, belə görməmişdim mən. Bu bina da bəy evi olmasına baxmayaraq neçə-neçə alimlər, professorlar, akademiklər yetişib. Son vaxtlar baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb. Bu bina tarixi abidə kimi qorunmalıdır. Çünki tarixi abidələrimiz bizə çox şey deyir. Belə bir məsəl var, əgər biz keçmişimizi unudarıqsa, gələcək bizi heç vaxt bağışlamaz.

Bəşər sivilizasiyasının inkişafında xalqımızın xidmətlərini nəzərə alsaq, tarixi əhəmiyyət kəsb edən binaların mühafizəsi hər bir vətəndaşın məsuliyyətidir. Abidələrin toxunulmazlıq statusu, onların qorunub gələcək nəsillərə çatdırılması mühüm məsələdir. Bəy Evinin yararsız vəziyyətdə olmasının səbəbi isə yalnızca baxımsız olması deyil. Sözügedən tarixi abidə dövlət qeydiyyatına salınmalıdır ki, mühafizəsi təmin olunsun.

Akif Mustafayev - abidə mühafizəçisi: Hal-hazırda qarşısında dayandığımız bu bina dövlət qeydiyyatına alınmamışdır. Biz lazımi təşkilatlara bu bina ilə bağlı fikrimizi bildirəcəyik. Bina dövlət qeydiyyatına alındıqdan sonra, tərəfimizdən mühafizə olunacaq. Binada hal-hazırda yaşayış mövcuddur. Bu barədə məlumatımız yox idi. Həmin sakinə tərəfimizdən məlumat verildi ki, bina qəzalı vəziyyətdədir. Ehtiyatlı olsun. Bina barədə lazımi tədbirlər görüləcək.

Abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

 

Valeh Anaroğlu