Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş verən hadisələr həmin tədbirlər çərçivəsində araşdırılıb. Keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Dövlət Sərhəd Xidmətinin rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət edən general-leytenant Əfqan Nağıyev və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınan külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb. Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilən baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilib. Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplayaraq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilindiyi üçün balıqçılıqla məşğul olan şəxslər də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib. Həmçinin istintaqla müəyyən edilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Rəhman Babayev həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdulla Abdullayevə çatdırıb. Hər iki şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş verən qanun pozuntularında iştirakı müəyyən edilən digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində birgə zəruri əməliyyat istintaq-tədbirləri davam etdirilir.
- Baxış: 962