• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 17.05.2020 20:25

Meyvə bol olacaq

KepezTV Player

Kənd təsərrüfatının meyvəçilik sahəsində qərb regionunda Tovuz rayonu xüsusi rola malikdir. Burada müxtəlif növ meyvələr yetişdirilir ki, bu da həm daxili, həm də xarici bazarları məhsulla təmin edir. Rayonda meyvəçilik təsərrüfatı olan fermerlər bu il bol məhsul gözləyirlər.

Tovuzun Alakol kəndində bağçılıq təsərrüfatı ilə məşğul olan Rəşad Cəfərov da belələrindəndir. Artıq 5 ildən çoxdur ki, 120 hektar ərazidə meyvə bağı salan gənc fermerin sahəsinin böyük qismində əsasən gilas ağacları əkilib. Bundan başqa təsərrüfatda gavalı, şaftalı, heyvə, qoz və badam da yetişdirilir. Yeni salınan bağda yaz mövsümünün yağmurlu keçməsinə baxmayaraq bütün meyvələrin məhsuldarlığı yüksək praqnozlaşdırılır.

Rəşad Cəfərov fermer: Bu il məhsulumuz keçən ilə nisbətən çoxdur. Həm ağaclarımız böyüyüb, həm də lazım olan gübrələnmə işini aparmışıq. Bu il məhsuldarlıq daha çox olacaq. 3, 4 və 5 illik ağaclar məhsul verir. Ümumi götürsək, gilas 200, gavalı 150, heyva 100 tona yaxın məhsul verəcək

Təsərrüfatda fərqli sortlardan meyvələr mövcuddur. Təkcə gilasın reyna, zirat və regina kimi növləri yetişdirilir.

Meyvə bağında ən tez yetişən sort lori sortudu. Bu sort digər növlərdən qiymətinin bahalığına görə fərqlənir.

Xüsusilə xarici bazara çıxarılan bu növ el arasında may gilası kimi də tanınır. Əsas satış bazarı Rusiya olan gilasın kiloqramının qiyməti isə 5-6 manat arasında dəyişir. Satışla bərabər təsərrüfatçılar problemlərlə də üzləşirlər. Ən böyük çətinlik isə məhsulun saxlanması ilə bağlıdır.

Mayıs Mustafayev Tovuz DAİM-in bitki sektorunun müdiri: Havalar yağışlı olsa da, yeni texnologiyalardan istifadə fermerlərə problem yaratmadı. Əsas problem meyvələrin saxlanması və bazara çıxarılmasıdır. Bəzən elə hallar olur ki, sərhəddə məhsulları aparan nəqliyyət vasitələri saxlanılır, gecikmələr yaranır.

Tovuz rayonunda hazırda 1395 hektar ərazidə meyvə bağı, 745 hektar sahədə isə üzümlüklər mövcuddur. Bu il isə yeni üzüm bağlarının salınması nəzərdə tutulur.