Koronavirus pandemiyası yalnız futbol sahəsinə aidiyyatı olanları yox, planetin ən sevimli oyunundan zövq alan azarkeşləri də bundan məhrum edib. Artıq 2 aydan çoxdur ki, dünyanın əksər ölkələrində çempionatlar, eləcə də qitə əhəmiyyətli mühüm turnirlər təxirə salınıb. Avropada Belarus çempionatı istisna olmaqla bütün daxili liqalar, Çempionlar və Avropa Liqası kimi yarışlar yarımçıq dayandırılıb.
Müxtəlif peşə sahibləri, cəmiyyətdə fərqli statusa malik insanlar olsalar da, onları birləşdirən bir dəyər var - futbol. Bu sahədə çalışanlar kimi azarkeşlər də futbolsuzluqdan əziyyət çəkirlər və mövcud vəziyyətdən olduqca məyus, pərişandırlar.
Çempionatlar, qitəmiqyaslı turnirlər ən qızğın dövründə dayandırıldı. Bu vaxtlar artıq əksər daxili yarışların qalibləri müəyyənləşmiş olurdu. Yeri gəlmişkən, pandemiya Bakının da ev sahibliyi edəcəyi Avropa Çempionatının final mərhələsini gələn ilə təxirə saldı.
Gəncə futbol şəhəri olduğundan və azarkeşlərin ürəyi doğma “Kəpəz”lə döyündüyündən yerli fanatları əsasən I Divizionun tezliklə bərpası düşündürür.
Ölkəmizdə elita, divizion və region liqaları mart ayının ortalarından yarımçıq dayandırılıb. Elə Avropanın aparıcı çempionatlarında da demək olar ki, eyni vaxtda oyunlar təxirə salınıb. Bununla belə, artıq mayın 16-dan Almaniya Bundesliqası qaldığı yerdən davam etdiriləcək.
- Baxış: 2607