Gəncədə ictimai xarakter daşıyan yoxlamalar davam edir. Prosesdə icra başçısı və şəhərin polis rəisi də iştirak edir. Reyddə maarifləndirmə işi aparılmaqla yanaşı tapşırıqlar da verilib.
Maarifləndirmə işləri şəhərin Şahi İsmayıl Xətai prospektində aparılıb. Həmin ərazidə sakinlərlərlə fərdi izahetmə, xəbərdarlıq işləri aparılaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarına əməl etmək izah olunub. COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya qaydalarına əməl edilməsinin önəmi bir daha xatırladılıb. Söhbət zamanı bəzi sakinlər öz sosial problemlərini də dilə gətiriblər. Niyazi Bayramov müraciətlərin araşdırılaraq, dərhal həll edilməsi istiqamətində tapşırıq verib. Şəhər rəhbəri və polis rəisi ərazidə olan apteklərdə də olublar.
Yol boyu fəaliyyətdə olan mağazalar da yoxlamardan kənarda qalmayıb. Satıcılar tərəfindən tələb olunan qaydalara əməl edildiyi diqqət çəkən alış-veriş məkanlarında ərzaq məhsullarının qiyməti ilə maraqlanılıb. Obyekt sahibinə xüsusi karantin qaydalarına əməl olunması üçün tapşırıq verilib.
Həmçinin bank qarşısında növbə gözləyən sakinlər arasında sosial məsafənin qorunduğu da diqqət çəkib. Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan mobil qrupların üzvlərinin də aktiv şəkildə iştirak etdiyi reyd və maarifləndirici tədbirlər davam etdirilir.
- Baxış: 795