• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2344
— 13.05.2020 15:37

"Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq"

KepezTV Player

Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar. Bu fikirləri prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Siz bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilirsiniz. Bu, sizə göstərilən böyük etimaddır. Siz bu etimadı doğrultmalısınız. Siz gəncsiniz, cəmi 34 yaşınız var. Sizin təyinatınız, eyni zamanda, onu göstərir ki, gənclərə bu gün çox böyük imkanlar yaradılır, onların fəaliyyəti üçün bütün şərait yaradılıbdır və gənclər məsul vəzifələrə təyin edilirlər. Mən vətəndaşlara üz tutub deyirəm, ictimai nəzarət olmayan yerdə adətən pozuntular da olur. Ona görə siz də ictimaiyyəti bu işlərə cəlb edin, xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də. Əgər vətəndaşlar sizin fəaliyyətinizdən razı olsalar, mən də razı olacağam.

Dövlət başçısı bu il köçkünlərə 8 minə yaxın mənzilin veriləcəyindən də danışıb. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır.

Xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır deyən prezident vurğulayıb ki, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir.

Dövlət başçısı Kəlbəcərin, Şuşanın, Laçının işğal edilməsinin səbəbkarlarından da danışıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: O vaxt guya ki, Şuşanın müdafiəsini təşkil edən bir ünsür, xain, satqın, başına papaq qoyan, ancaq Şuşanı qorxaq kimi tərk edib qaçan demişdi ki, əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam. Bu günə qədər müxtəlif dairələrdə fırlanır. Bax, onların əməli budur. Onlar Şuşanı təhvil veriblər ki, Azərbaycanda vəziyyət gərginləşsin, xalq ayağa qalxsın, hakimiyyət devrilsin və onlar hakimiyyətə gəlsinlər və belə də oldu. Bundan istifadə edərək, öz doğma torpaqlarını ermənilərə təhvil verərək AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldi. Ancaq bir il ərzində ölkəmizi elə bərbad vəziyyətə qoydular ki, xalq ayağa qalxdı, onları süpürüb zibil yeşiyinə atdı və yeganə nicat yolunu Heydər Əliyevin simasında gördü. O vaxta qədər onlar Kəlbəcəri ermənilərə təhvil verməklə böyük cinayət törətmişdilər. Çünki Kəlbəcərin işğal altına düşməsi coğrafi baxımdan Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yaratdı və artıq bu, dəhliz deyildi, işğal altına düşmüş böyük bir ərazi idi. Bu, əlbəttə ki, ölkəmizə, gənc Azərbaycan dövlətinə vurulmuş böyük zərbə idi.  

Prezident əminliyini ifadə edib ki, gün gələcək işğal edilmiş bütün torpaqlarda hazırda dağılmış vəziyyətdə olan bütün abidələr, bütün infrastruktur bərpa olunacaq. Azərbaycan öz suverenliyini bərpa edəcək.