• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 12.05.2020 20:39

Əziz Əzizov - 50

KepezTV Player

Gəncə karatesinin inkişafında müstəsna xidmətlərə malik Əziz Əzizov bu gün 50 yaşını qeyd edir. Təcrübəli mütəxəssisin bu il həm də əmək fəaliyyətinin 30 ili tamam olur. Həmkarımız Azad Rəfi yubilyarın evində qonaq olaraq onunla birlikdə 50 ilə qısa nəzər salıb.

Ömrünü Gəncə idmanına həsr edən Əziz Əzizov Samuxda, konkret ünvan göstərsək, İnstitut qəsəbəsində yaşayır. Böyük şəhərin gur səs-küyündən uzaqda. Günün çox hissəsini zallarda keçirən məşqçi mənəvi rahatlığı evində tapır. Bu gün onun üçün xüsusi ilə əlamətdar gündür. 50 yaşını haqlayır. O yaş ki, isə qocalığın gəncliyidir.

Universal mütəxəssis kimi ad çıxaran yubilyar bir neçə döyüş növü üzrə məşqlər keçir. Amma daha çox karate məşqçisi kimi tanınır. Bu səbəbdəndir ki, Gəncədə bu şərq əlbəyaxa döyüş növünün açı çəkiləndə məhz Əziz Əzizov yada düşür. O, bir-birini əvəzləyən nəsillərə bu idman növünün sirlərini öyrədib, uğura aparan yolda bələdçi olub.

Ən dəyərli yatırım, zamanımızı necə səmərəli xərcləmək haqda düşünməkdir. Vaxtında bu yöndə fikirləşən Əziz müəllim, sahəsinin bacarıqlı, zəhmətkeş mütəxəssisinə, qazandığı hörmətlə idman həvəskarlarının sevimlisinə çevrilib. İdman nazirliyi tərəfindən əməkdar məşqçi adına layiq görülüb. Ayrı-ayrı federasiyalar tərəfindən ilin ən yaxşı məşqçisi kimi fərqləndirilib, müxtəlif mükafatlarla təltif olunub. Ona cəmiyyətdə layiqli mövqe tutmağa kömək edən məşqçi sənətini seçdiyi üçün peşman deyil.

Əziz Əzizov həmişə doğum günlərini təmtəraqlı keçirdiyini deyir. Yetirmələri hər il evinə onu təbrikə gəlib. Amma indi karantinlə bağlı vəziyyət dəyişib. İlin əvvəlindən nəzərdə tutulan yubileyi tədbiri və turniri təxirə salınıb. Bu haqda yalnız pandemiyanın aradan qalxmasından sonra fikirləşmək olar.