• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 11.05.2020 19:27

9 bölgədə 15 min 724 şagird buraxılış imtahanı verəcək

KepezTV Player

Tələbə adını qazanmaq istəyənlər, ekran qarşısına yaxın əyləşin. Sıradakı xəbərimiz sizin üçün daha mnaraqlıdır. Belə ki, Dövlət İmtahan Mərkəzi bu il keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər edib. Qərb bölgəsində keçiriləcək imtahanların vaxtı, yeri və hansı formada olmasını qarşıdakı sujetdən öyrənə biləcəyik.

Bu il keçiriləcək yeni qəbul qaydalarına əsasən Dövlət İmtahan Mərkəzi 9 və 11-ci siniflərin buraxılış imtahanlarını iyun ayında keçirəcək. Qərb bölgəsi üzrə həmin imtahanlar təyin olunan qrafikə uyğun olaraq şəhər və rayonların özündə təşkil olunacaq. İlk imtahanlar xüsusi karantin rejimi birinci ləğv olunan əraziləri əhatə edəcək. Suallar ana dili, riyaziyyat və xarici dil fənləri üzrə olacaq. Bu il region üzrə 8824 nəfər 9-cu, 6900 nəfər 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcək. Bu məqsədlə 39 bina və 613 nəzarətçi-müəllimin ayrılması planlaşdırılır.

Nəsimi Məmmədov - DİM-nin Gəncə Regional Bölməsinin müdiri: Hər bir binaya 250 nəfərdən artıq olmamaq şərti ilə abutiriyent və şagirdlər buraxılacaq. Onların zalda tək-tək əyləşməsi təmin olunacaq. Bütün kantinget qoruyucu maskalardan istifadə edəcək. Dizinfeksiya məhlullarından istifadə olunacaq. İmtahan keçiriləcək binalar bir neçə gün əvvəldən dizinfeksiya olunacaq. Doqquzuncu sinifdə əvvəlki illərdə iki mərhələdə imtahanlar keçirilirdisə, bu il yalnız bir mərhələdə keçirəcəyik. 11-ci sinif imtahanları olduğu kimi keçirilcək.

Ali məktəblərə qəbul imtahanları isə iyulda baş tutmalıdır. İmthanların keçirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunmadığı üçün imtahanlar hələ ki, mərkəzləşmiş qaydada Gəncədə keçirilməlidir.

Nəsimi Məmmədov - DİM-nin Gəncə Regional Bölməsinin müdiri: Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı olarsa əgər məsləhət bilinərsə, imtahanları da biz regionlarda keçirə bilərik. Ali təhsil müəsisələrinə qəbul imtahanlarında qrup imtahanları yaz və yay - iki mərhələdə həyata keçirilir. Ancaq bu il yaranmış vəziyyətlə əlaqədar olaraq yalnız bir qrup imtahanları keçiriləcək ki, bu da iyul ayında olacaq.

Dövlət İmtahan Mərkəzi Gəncə regional bölməsi Gəncə və Naftalan şəhərləri, Mingəçevir, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarını əhatə edir. Nazirlər Kabinetinin qərarına əsasən 2010-cu ildən Gəncə regional bölməsi tərəfindən qəbul, 2012-ci ildən isə buraxılış imtahanları keçirilir. Bu il ali məktəblərə sənəd qəbulu mayın 12-dən iyunun 5-nə kimi aparılacaq.

 

Elnur Vahidoğlu