• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 10.05.2020 20:36

Karantin rejimi sığorta sektoruna necə təsir edir?

KepezTV Player

Koronavirus pandemiyasının təsir göstərdiyi sahələrdən biri də sığorta sektorudur. Mütəxəssislərin sözlərinə görə, COVİD-19-la əlaqədar ölkədə tətbiq edilən xüsusu karantin rejimi dövründə - mart-aprel aylarında ölkə ərazisində sığorta hadisələrinin sayında azalma müşahidə olunub.

Karantin rejimi ilə əlaqədar nəqliyyatın intensivliyi kimi, qəzaların sayı da azalıb. Mart ayının sonlarından yollarda avtomobillərin hərəkətinin məhdudluğunu nəzərə alsaq, sığorta hadisələrinin sayının az olması təbii qarşılanmalıdır. Mütəxəssislər deyirlər ki, azalmalar sektorun digər qollarında da müşahidə olunur.

Tural Bayramov sığorta mütəxəssisi: Koronavirus pandemiyasından zərər görməyən sahə yoxdur. Bu sahələrdən biri də sığorta sahəsidir. Xüsusilə də, səfər sığortasını bildirmək istəyirəm ki, bu sığorta növü hal-hazırda 0 səviyyəsinə düşüb.Bu turizm sahəsinin tamamilə dayanması ilə əlaqədardır.Bundan başqa yüklərin sığortası növü üzrə də azalmalar müşahidə olunur.

Xüsusi karantin rejiminin yumşaldılması bu  sahədə müəyyən qədər canlanmaya səbəb olub. İnsanların yenidən fəal həyat tərzinə uyğunlaşması, rayonlar arasında gediş-gəlişin bərpa olunması nəqliyyat vasitələrindən istifadəni zəruri edir. Bu da icbari sığortaya müraciətlərin artmasına gətirib çıxarır.

Tural Bayramov sığorta mütəxəssisi:Karantin rejiminin tətbiq edilməsi bölgələrdə, o cümlədən paytaxtda, xüsusi qaydaların tətbiqi idi ki, insanlara icbari sığorta lazım olmurdu.Yəni insanlar evdə qaldığından, lazım olmadığı təqdirdə evdən çıxmadıqları üçün icbari sığorta növlərinə də ehtiyacı yox idi.Ama hal-hazırki vaxtda, avtonəqliyyat vasitələrinin icbari sığorta növü üzrə müsbət dinamika görülür.Çünki karantin rejimi yumşaldılıb, rayonlar arası gediş-gəlişin olması,tələbatı artırıb.

Hazırda əksər sığorta şirkətləri onlayn qaydada işlərinə davam edir. Sığorta hadisələri baş verdiyi halda müraciətlər elektron qaydada qəbul olunur.

Valeh Anaroğlu