Bəli, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Azərbaycan xalqı öz dahi oğlunun xatirəsini ehtiramla anır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışıb. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu öndər 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Prezidenti seçilib. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranan problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina edib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend klinikasında vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub. Azərbaycan xalqı xilaskar oğlu, ulu öndəri, ümummilli lideri Heydər Əliyevin xatirəsini qəlbində daima yaşadacaq!
- Baxış: 280