• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1754
— 07.05.2020 12:34

DTX Vilyam Hacıyevin həbsi ilə bağlı məlumat yayıb

KepezTV Player

DTX İmişli rayonunun sabiq icra başçısının həbsi barədə məlumat yayıb. Videomaterialı sizə təqdim edirik.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini,eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilən çoxmənzilli yaşayış binasında verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin ələ keçirilməsinə,rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib. Tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.