Oyun inkişaf prosesidir. Uşaqlar bu məşğuliyyət zamanı özlərini, ətrafı tanıyır, insanlarla münasibət qurmağı öyrənirlər. Psixoloqların sözlərinə görə, oyun oynayarkən azyaşlıların fərqli reaksiyalar verməsi tamamilə normaldır və bu onun fərdi keyfiyyətlərindən xəbər verir.
Günel Paşayeva - psixoloq: Əgər uşaqlar konfiliktli oyun oynayırsa, gələcəkdə münasibətlərində də konfilikt yaşayacaqlar. Əgər uşaqlar mütəmadi olaraq, oyuncaqlarını sındırır, dağıdırsa onlar böyüdükdə aqressiv tiplərə çevriləcək. Təbii ki, onun qarşısı alınmasa. Uşaqların oyun oynamaq yerinə, oyuncaqlarını sökməsi, intellektuallıqdan xəbər verir. Belələri gələcəkdə kəşfedici insanlar olur.
Xüsusi karantin rejimi dövründə gənclər qədər, azyaşlılar da evdə vaxtın keçməməsindən şikayətlənir. Mövcud vəziyyətdə valideynlər övladlarına zaman ayıraraq, problemi asanlıqla aradan qaldıra bilərlər. Evdə tapılan sadə ləvazimatlar vasitəsilə yalnız vaxt ötürən deyil, uşaqların inkişafını təmin edən, qayda-qanunlu fərqli oyunlar hazırlamaqla.
Günel Paşayeva - psixoloq: Qaydalar ona görə lazımdır ki, o gələcəkdə cəmiyyət üçün yaralı vərdişləri formalaşdırır. Oyun zamanı qaliblər və məğlub olanlar var. Öncə valideyn uduzmalıdır və rəqibi təbrik etməlidir. Çünki uşaqlar uduzduqları zaman özlərini pis hiss etməsinlər və görsünlər ki, məğlub olmaq hər zaman pis deyil. Biz oyundan zövq aldığımızı göstərməliyik.
Oyunların valideynlər tərəfindən seçilməsi və mütəmadi olaraq, nəzarət altında həyata keçirilməsi məqsədəuyğundur. Onun fərdi və ya qrup şəklində təşkil edilməsindən asılı olmayaraq, qaydalara mütləq şəkildə əməl edilməlidir. Çünki məhz oyunlar zamanı qoyulan qaydalar azyaşlılarda cəmiyyət üçün yararlı vərdişlər formalaşdırır.
- Baxış: 259