• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 05.05.2020 20:37

Karantin rejiminin qaydaları yenidən sərtləşdirilə bilər

KepezTV Player

“Əgər situasiya belə davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, son vaxtlar koronavirusa yoluxanların sayının artması karantin rejiminə əməl edilmədiyinin göstəricisidir.

Yaqut Qarayeva vurğulayıb ki, bu gün aşkarlanan yoluxma faktları həm paytaxtda, həm də regionlarda qeydə alınıb. Onun sözlərinə görə, situasiya yenidən pisləşməyə doğru getsə, ola bilər ki, regional olaraq, yaxud daha geniş miqyasda karantin rejiminin qaydaları yenidən sərtləşdirilsin.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli də əhalini karantin rejiminin tələblərinə əməl etməyə və virusun nə dərəcədə təhlükəli olduğunu başa düşməyə çağırıb.

Mayın 11-dən sonra tətbiq olunacaq qaydalarla bağlı sualı cavablandırarkən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, bütün qərarlar vəziyyətə uyğun veriləcək.

İbrahim Məmmədov onu da vurğulayıb ki, metodik göstərişlər təsdiqlənib, ictimai iaşə müəssisələrində və ictimai nəqliyyatda həmin təlimatlara riayət etmək lazımdır. Vəziyyət monitorinq olunur, cərimə necə olsun, neçə xəbərdarlıqdan sonra edilsin – tətbiq mexanizmi müzakirə olunur və yaxın vaxtlarda bu barədə məlumat veriləcək. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasında müzakirə olunan əsas istiqamətləri də açıqlayıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib ki, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə uğur əldə etmək sistemli tədbirlər tələb edir. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər, ölkəmizin iqtisadi gücü, səhiyyənin inkişafı koronavirusla mübarizədə müsbət nəticə əldə olunmasının səbəbləridir.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli onu da vurğulayıb ki, həkimlərin ailə üzvlərinin sığortası məsələsi də təklif olunub. Onun sözlərinə görə, hazırda həkimlər mübarizənin ön cəbhəsində olduğundan bu, vacib məsələdir.