Dünya Güləş Birliyi koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanma ehtimalı yüksək olanların adlarını açıqlayıb. Namizədlər sırasında azərbaycanlı güləşçilər də yer alıblar. Onlardan biri sərbəst üsulla güləşən Toğrul Əsgərovdur. Gəncə güləş məktəbinin yetirməsinin çıxış etdiyi 74 kq çəki dərəcəsində imkanları yüksək qiymətləndirilib. Beynəlxalq qurumun saytında yer alan təhlil yazısında gəncəli pəhləvanla yanaşı, bu çəkidə mübarizə aparan Hacımurad Hacıyevə də yer verilib. Və Əsgərov kimi onun da planetin ən böyük yarışına qatılmaq şansının olduğu qeyd edilib. Xatırladaq ki, Toğrul 2 dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. O, 2012-ci ildə Londonda qızıl, bundan 4 il sonra Rioda keçirilən turnirdə isə gümüş mükafat qazanıb.
- Baxış: 1102