• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 823
— 27.04.2020 18:12

Fəaliyyəti bərpa olunan sahələr

KepezTV Player

Bu gündən Azərbaycanda COVID-19 virusu ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejiminə aid məhdudiyyətlərin bir qismi yumşaldılıb. Ölkənin ikinci böyük şəhəri Gəncədə də bir sıra xidmət sahələri fəaliyyətini bərpa edib.

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq fəaliyyətinə məhdudiyyət qoyulan bir sıra obyektlər, artıq bu gündən etibarən öz fəaliyyətlərini bərpa ediblər.

Bunlar əsasən iş və xidmət sahələridir. Şəhər sakinləri də qadağa qüvvədə olan müddət ərzində ehtiyac yaranan sahələr üzrə alış-veriş etməyə başlayıb.

Elxan Pənahov - sakin: Dəftərxana mağazasına gəlmişik, lazım olan ləvazimatları almışıq. Dəftər, qələm və s. kimi ləvazimatlar almışıq.

Ofelya Abbasova - sakin: Nəvələrim burdan kitabçalar alır, rəngli qələmlər alır. Bu gün onlar çox sevinir. Həsrətlə gözlədikləri gün gəlib çatdı. Mən də onların arzusunu yerinə yetirmək üçün bir müştəri kimi bura gəlmişəm.

Sözügedən fəaliyyət sahələrinə gündəlik məişətdə istifadə olunan məhsulların satışı ilə bağlı xidmətlər, təmir fəaliyyəti, kənd təsərrüfatı sahəsində satış xidmətləri, fərdi tədrislə bağlı bəzi xidmətlər daxildir. İlk olaraq dəftərxana ləvazimatları satışı ilə məşğul olan obyektlərə üz tutduq. Müştəri sıxlığı müşahidə olunmasa da, satış ilə məşğul olan şəxslər nikbindir.

Sahil Məmmədov - satıcı: Bu gün biz açılış etdik. Müştərilər sıx şəkildə gəlməsələr də, səhər saatlarından etibarən az saylı müraciətlər var. Ümid edirik ki, qarşıdakı günlərdə müraciətlər daha çox olacaq.

Geyim satışı ilə məşğul olan mağazalarda da eyni vəziyyət hökm sürür desək yanılmarıq. İndiyədək onlayn alqı-satqı həyata keçirən satıcılar indi qapılarını müştərilərin üzünə açıblar.

Aytən İbrahimova - sahibkar: Xüsusi karantin rejimi ilə əlaqədar olaraq mağazamızın fəaliyyəti dayandırılmışdı. Bu gündən etibarən fəaliyyətdəyik. Müştərilərimizin yolunu gözləyirik. Ümid edirik ki, bundan sonra hər şey yaxşı olacaq.

Mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri mağazalarında da sahibkarlar səhər saatlarından etibarən müraciətlərin olduğunu, qiymətlərdə artımın baş vermədiyini deyirlər.

Fariz Abbasov - sahibkar: Bu gündən fəaliyyətə başlamışıq. Onu qeyd etmək istəyirəm ki, müştərilər gəlir. Sıxlıq müşahidə olunmur. Bazarda qiymət artımı müşahidə olunmur. Əksinə müəyyən məhsullar var ki, endirim etmişik.

Karantin qaydalarının yumşaldılması o demək deyil ki, insanlar yenə əvvəlki kimi hərəkət edəcəklər. Sosial izolyasiya tədbirləri gözlənilməlidir. Buna elə xidmət və satış obyektləri tərəfindən də nəzarət olmalıdır.

Valeh Anaroğlu