• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1707
— 26.04.2020 20:33

"Evdə qal" aksiyası Gəncədə kitab satışını artırıb

KepezTV Player

Xüsusi karantin rejimi dövründə insanların vaxtını səmərəli keçirmək üçün müraciət etdiyi əsas vəsaitlərdən biri də kitablardır. Sabahdan etibarən kitab mağazalarının da fəaliyyəti bərpa olunur. Buna qədər isə nəşrləri yalnız onlayn şəkildə əldə etmək mümkün idi. Bəs tələbat hansı səviyyədə olub? Hazırda kitab bazarında mövcud vəziyyət necədir? Ətraflı növbəti materialımızda.

Xüsusi karantin rejiminin tətbiqi və insanların #evdə qal çağırışına qoşulması asudə vaxtını mütaliə edərək keçirənlərin sayına da müsbət təsir edib. Kitab mağazalarında pandemiyadan qabaqkı dövrdə ən çox dərsliklər və məktəb ləvazımatları satılırdısa, indi bədii ədəbiyyata tələb daha çoxdur. Xüsusən də gənc nəslin nümayəndələri onlayn şəkildə belə nəşrləri almağa böyük maraq göstərirlər.

Vidadi Nuruyev oxucu: Xüsusi karantin rejimi ilə əlaqədar olaraq evdə qalıb, bir neçə kitab oxudum.Əsasən dedektiv janrda kitablara üstünlük vermişəm.Bəzi kitabları onlayn şəkildə əldə etdim, bəzilərini də internetdən yüklədim. Sabahdan etibarən kitab mağazalarının fəaliyyətinin bərpa olunması məni həqiqətən sevindirir.İcazə alaraq, gedib kitab satışı məntəqələrindən kitab əldə etməyi düşünürəm.

İsmayıl Qaçaylı oxucu: Mən də bir oxucu olaraq karantin rejimi dövründə kitablara üstünlük verdim. Bir neçə kitabları onlayn formada sifariş etmişəm.Belə düşünürəm ki, kitablar insanların ən yaxın dostudur.Bütün gənclərə də tövsiyə edirəm ki, asudə vaxtlarını səmərəli formada təşkil etsinlər və kitab oxusunlar.Kitablar insanların mənəviyyatını zənginləşdirmək üçün əla seçimdir.

Evdə qalmaq vaxt bolluğuna, vaxtın bolluğu isə müəyyən zamanlarda darıxmağa səbəb olur. Belə məqamlarda isə, heç şübhəsiz, ilk növbədə kitablar, mütaliə dada çatır. Karantin dövründə bədii ədəbiyyata marağın artdığını kitab mağazasının əməkdaşları da təsdiqləyirlər.

Orxan Əsgərov satıcı:İnsanlar evdə qalıb rahat kitab oxusunlar deyə, vaxtlarını səmərəli keçirsin deyə kitabların onlayn formada satışını həyata keçiririk.Karantin rejimindən əvvəl gün ərzində 10-a yaxın kitab sata bilirdiksə, artıq bu rəqəm karantin müddətində 2 dəfəyədək artıb.Gün ərzində 15-20 kitab satırıq.Artıq sabahdan etibarən karantin rejimi yumşaldılır, kitab mağazaları fəaliyyətini davam etdirəcək.Oxucular da rahat formada gəlib kitab ala bilərlər.

Sosial izolyasiya təkcə özünütəcrid deyil, bu, həm də özünüdərk üçün yaxşı fürsətdir. Yəqin ki, karantin dövrü özünü kitablarda tapanların xatirəsində tam fərqli rənglərdə, tam fərqli formada qalacaq.

Valeh Anaroğlu