Dünən gecə saatlarından bəzi sosial şəbəkə istifadəçiləri smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verilib. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da insanların kütləvi aldadılması halları aşkarlanıb. Qurum vətəndaşları belə məlumatlara aldanmamağa çağırıb. İstehsalat Birliyindən vurğulanıb ki, smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar aparılmalıdır ödəniş terminalına və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. "Lakin kimlərsə bunu tamam başqa məqsədlərə yönəldib. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib. Birliyin sosial şəbəkələrdə apardığı monitorinq zamanı da müşahidə edilib ki, bəzi marketlərdəki ödəmə terminalları qarşısında gecə saatlarında hətta növbələr də yaranıb. Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər, - deyə "Azəriqaz"ın məlumatında qeyd olunur.
- Baxış: 965