Azərbaycanda aprel ayı üzrə əmək pensiyalarının ödənişi yekunlaşıb. Bu gün respublikanın bütün şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürülüb. Bu isə bankomatların qarşısında adət etdiyimiz nizamsız növbələrin yaranmasına səbəb olur. Hazırkı ara məsafəsinin gözlənilməli olduğu bir vaxtda bankomatların qarşısında vəziyyətin necə tənzimləndiyi barədə qarşıdakı sujetdə məlumat verəcəyik.
Əmək pensiyalarının bütün şəhər və rayonlarda verilməsi ilə əlaqədar insanlar bankomatlara üz tuturlar. Polis əməkdaşları vətəndaşlara yardım göstərir.
Pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya postterminallarından ala bilərlər. Bu isə bankomatların qarşısında həmişəki kimi sıxlıqğın yaranmasına əsas yaradır. Prosesin tənzimlənməsinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.
Mayisə Məcidova sakin: Atamın pensiyasını almağa gəlmişdim. Vəziyyət yaxşıdır. Bütün normalara riayət olunur. İnsanlar növbəni gözləyir. Maska taxır, əlcək geyinirlər. Polis əməkdaşları da bizim sağlamlığımızı qoruyur. Növbəni saxlamağı deyirlər.
Rahilə Mustafayeva sakin: Polis əməkdaşları bizə köməklik göstərir, qanun-qaydaya riayət edirik. Hamısı köməklik göstərir, necə lazımdısa vətəndaşları yola verirlər.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması, vətəndaş sıxlığının yaranmaması istiqamətində ərazilərdə sakinlərlə profilaktiki söhbət apararır. Ara məsafəsi saxlamağın zəruriliyi vurğulanır.
Valeh Anaroğlu
- Baxış: 514