Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla karantin dövründə şahmatçıların oyun praktikasını artırmaq üçün “Evdə qal, həyatları xilas et” şüarı altında layihəyə start verilib. Layihə çərçivəsində ilk olaraq internet üzərindən superblits üzrə 1-ci Azərbaycan Kuboku təşkil olunacaq ki, bu yarışa gəncəli iti zəka sahibləri də qatılacaq.
Chess24.com portalı üzərindən keçiriləcək yarışa qeydiyyat 15 aprel saat 22-də bitəcək. Turnir aprelin 16-sı saat 19-da start götürəcək. İsveçrə sistemi üzrə baş tutacaq onlayn birincilik 17 turdan ibarət olacaq. Yarışda respublikanın bütün regionlarından, o cümlədən Gəncədən də müxtəlif yaş qruplarında olan 10-a yaxın şahmatçı iştirak edəcək.
Azərbaycan kuboku superblits üzrə keçirildiyindən digər növlərlə müqayisədə fərqlənir. Bu növdə şahmatçılardan qalib gəlmək üçün daha çox çeviklik tələb olunur.
Turnir koronavirus infeksiyası dövründə şahmatçıların gələcək karyeralarına da müsbət təsir edəcək.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 min manat təşkil edir. Qalib üç min manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı isə 1000 manat əldə edəcək.
- Baxış: 1534