Dünyanın koronavirus dərdi həyatın bütün sahələrinə, o cümlədən idmana öz mənfi təsirini göstərməkdədir. Planetimizdə bütün idman yarışları təxirə salınıb. Bu siyahiya Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları başçılıq edir. Son illərdə dünya idmanının mərkəzlərindən birinə çevrilən doğma Azərbaycanımızın ev sahibliyi etməli olduğu turnirlər də təxirə salınıb.
Martın 14-dən Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman komplekslərinin, digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan millət vəkili Müşfiq Cəfərov bunun koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, həmçinin vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə atılan addım olduğunu vurğulayıb.
Müşfiq Cəfərov - millət vəkili: “Vətəndaşları qorumaq üçün dövlətimiz bütün addımları artır. İdman sahəsində də bu addımlar atılır. Bizim vətəndaşlarımızın sağlamlığı ön plandadır. İdman qurğularının bağlanması da, onları qorumaq üçün verilən qərardır. Sadəcə qalır idmançıların qaydalara riayət etməsi. Hesab edirəm ki, edirlər də”.
“Kəpəz” futbol klubunun Müşahidə Şurasının üzvü olan Müşfiq Cəfərov çempionatların dayandırılması ilə komandaların məşqsiz qalmasına da münasibət bildirib.
Müşfiq Cəfərov - millət vəkili: “Futbolçular formada qalmaq üçün hansısa şəkildə bunu edirlər. Futbol komanda oyunudur, hazırkı vəziyyətdə bir yerə yığışmaq mümkün deyil. Fərdi qaydada fiziki göstəricilərini qorusalar, sonradan çətinliklə üzləşməzlər”.
Qeyd edək ki, mövcud vəziyyətlə bağlı Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate üzrə böyüklər arasında Avropa çempionatı və Formula 1 Azərbaycan Qran-Prisi də təxirə salınıb.
- Baxış: 2062