Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb, infeksiyaya yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu gün keçirilən brifinqdə deyib ki, bu rəqəm onu göstərir ki, yoluxma halları artan xətt üzrə gedir. Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 750 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. İbrahim Məmmədov hələ ki, fövqəladə vəziyyətə əsas olmadığını da açıqlayıb.
Brifinqdə verilən açıqlamaya görə, hadisələrin inkişafına görə karantinin uzadılması barədə qərara baxıla bilər. Vəziyyət sərtləşərsə, karantin müddəti uzadıla və daha da sərtləşdirilə bilər. İbrahim Məmmədovun sözlərinə görə, iş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib.
Nazirlər Kabinetinin mətbuat katibi: "Məlumata görə, karantin qaydalarına riayət olunmur. Bugünkü statistika onu göstərir. Hətta bu gün saxta vəsiqələr, saxta icazə vərəqələri alınır. Əgər karantin qaydalarına riayət olunarsa və göstəricilər müstəqil dinamika üzrə inkişaf edərsə karantin müddəti uzadılmaya bilər. Bugünkü göstəricilər isə onu göstərir ki, qaydalar sərtləşdiriləcək. Sərtləşdirmə qərarı elə də asan deyil"… Küçədəki avtobuslar karantin rejiminə uyğun olaraq xəttə buraxılıb. Bundan əlavə, qanunsuz yollarla icazə alma halları da qeydə alınıb. İş yerlərinə öz əməkdaşlarının 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib. Amma bəzi təşkilatlar əməkdaşlarına ehtiyac olmadığı halda icazə alırlar. Hansı təşkilatlar ki, saxta vəsiqələrlə vətəndaşlara icazə alırsa, bunlar nəzarətdədir və tədbir görüləcək".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramin Bayramlı deyib ki, əgər vətəndaşlar bu günlərdə karantin qaydalarına əməl etməsələr, daha sərt tədbirlərin görülməsi üçün ölkə rəhbərliyinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediləcək. Əgər vətəndaşlar 2-3 həftə səbr etsələr, yoluxma zəncirini qıraraq öz normal həyatlarına dönə biləcəklər. Bəzən vətəndaşlarımız karantin rejiminə tam əməl etmirlər, onun ciddiliyini anlamırlar. Amma başa düşmək lazımdır ki, karantin qaydalarına əməl edilməsə, süni tənəffüs aparatlarına qoşulan insanların sayı artacaq və onda bizi daha acı nəticələr gözləyir. Çünki bu halda ölüm halları çoxalır.
Ramin Bayramlının sözlərinə görə, bu gün Azərbaycanda həkimlər arasında da koronavirusa yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında cəmi bir yoluxma halı baş verib. Yoluxmalar əsasən, pandemiya ilə məşğul olmayan tibb müəssisələrində qeydə alınıb. Azərbaycanda koronavirusa yoluxanların yaş həddinmə gəlincə, 2 yaşdan 89-90 yaşa qədər xəstələr var. 3000-dən çox vətəndaş karantində saxlanılır. Xəstəliyə yoluxanlar arasında karantinə əməl etməyənlər də var. Yoluxma artıq gündəlik üçrəqəmli həddə çatıb.
“Böyük şəhərlərdə və ünsiyyətin sıx olduğu yerlərdə koronavirusa yoluxma riski böyükdür”. Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir. Ölkədə qan ehtiyatından da danışan Ramin Bayramlı deyib ki, donorların sayında azalma müşahidə edildiyindən bu vəziyyət narahatlıq yaradır. Onun sözlərinə görə, donorların təhlükəsizliyi üçün bütün şərait yaradılıb, onlar hər hansı infeksiya təhlükəsi ilə qarşılaşmayacaqlar. Qan vermək onların xəstəliyə yoluxması üçün risk yaratmayacaq.
Əhalinin ərzaq təminatı məsələsinə gəlincə, Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, yanvar ayından başlayaraq ərzaq təchizatı ilə bağlı zəruri tapşırıqlar verilib və zəruri ehtiyatlar yaradılıb.
İdxal və ixrac prosesi davam edir. Son 3 ayda ölkədən 5 mindən çox yük maşını keçib. Qarşıdan gələn dövr üçün də tərəfdaşlarla müvafiq sazişlər bağlanır.
- Baxış: 290