Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib. Ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin realizə edilməsinin qarşısı alınıb.
Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Tərlan adlı şəxs tərəfindən götürülərək satış məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat nəticəsində həmin şəxs, Lənkəran sakini Tərlan Əhədov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 137,114 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Sumqayıtda yerləşən evinə baxış zamanı 5 kiloqram 25 qram heroin, 800 ədəd ümumi çəkisi 30 qram metadon həbi, 265 qram tiryək, 89,482 qram metamfetamin, 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd parton aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, Tərlan Əhədov İran vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Onunla “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan T.Əhədov narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşının qeyd etdiyi yerlərə aparmalı imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tərlan Əhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 451