• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 08.04.2020 12:17

Gəncə avtozavodunda “Sampo” yığılacaq

KepezTV Player

Gəncə Avtomobil Zavodunda “Sampo-Roselew” markalı kombaynlar yığılacaq. Finlandiya şirkəti ilə bağlanılan müqavilə əsasında ilkin olaraq 30-dan çox kombaynın istehsalı planlaşdırılır. Zavodda əməkdaşların sağlamlığının təhlükəsizliyi məsələsi də diqqətdə saxlanılır.

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılmasına baxmayaraq, kənd təsərrüfatı sektorunda işlər davam edir. “Gəncə Avtomobil Zavodu” bu sahəyə dəstək məqsədilə fermerlər və iş adamları üçün bir sıra güzəştlər nəzərdə tutan paketlər üzərində iş aparır. Zavodda işçilərin təhlükəsizliyinin təmin olunması istiqamətində də müəyyən addımlar atılıb.

Məqsəd Rəhimov - “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi: GAZ-ın yığım xətləri fəaliyyətini davam etdirir. Müəssisəmizin rəhbərliyi, karantin rejimi dövründə işçilərin təhlükəsizliyinin təmin olunması, sağlamlıqlarının qorunması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Yığım xətlərinin başında dezinfeksiyaedici məhlullar qoyulub, hansı ki işçilər həmin məhlullarla əllərini dezinfeksiya edirlər. Bundan başqa birdəfəlik istifadə üçün əlcəklər və maskalar qoyulub.

Avtozavod istehsalı davam etdirməklə əməkdaşlığı da genişləndirir. Finlandiyanın “Sampo” şirkəti ilə imzalanan müqavilə əsasında yeni kombaynların yığımı buna təsdiqləyir. Artıq komplektləşdiricilərin bir hissəsi zavoda gətirilib. Digər partiyalar da gətirildikdən sonra yığım prosesinə start veriləcək. Tanınmış marka olan Sampo-Rosenlew kombaynları tezliklə fermerlərin istifadəsinə veriləcək.

Məqsəd Rəhimov - “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi: İlkin mərhələdə 20-30 kombaynın yığılması nəzərdə tutulur. Bu tələbatdan asılıdır. Əgər yığılan kombaynlara bazarda tələb çox olacaqsa, təbiidir ki, müəssisəmiz daha çox sayda kombayn yığımını həyata keçirəcək.

Hazırda zavodda müxtəlif modeldə traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının yığımı aparılır. Xüsusi karantin rejimi dövründə “Gəncə Avtomobil Zavodu” istehsal prosesini təxminən 50 faiz azaldıb. Ötən ay zavodda 35 traktor yığılıb.