• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 07.04.2020 20:48

Distant təhsil: fədakar müəllimlər, çalışqan şagirdlər

KepezTV Player

Distant və ya onlayn təhsil forması indiki dövrdə ən önəmli təhsil metoduna çevrilməkdədir. Dünyanı öz təsir altına alan koronavirus təhsilin bu formada tədrisini populyarlaşdırıb. İndi müəllimlər evdən çıxmadan şagirdlərə dərs keçirlər. Elə Gəncədə də. Müəllimlər qaldıqları yerdən şagirdlərə yeni mövzuları aşılayır, biliklər öyrədir, onların təhsildən kənar qalmasına imkan vermirlər. Əməkdaşımız Valeh Anaroğlunun distant təhsilin gedişatı ilə bağlı materialı var.

Mehriban müəllimə ibtidai sinif müəlliməsidir. Koronavirus xəstəliyi ilə əlaqədar tədrisin dayandırılması ona onlayn dərslərini keçmək, şagirdləri ilə görüşüb onlara yeni bilik və bacarıqlar öyrədə bilməsinə maneə yaratmır. Məsafəli təhsil şagird ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Ancaq bu kənardan asan görünsə də, distant təhsilin çətinlikləri də az deyil.

Mehriban Məmmədova müəllim: "Sağlam ol, təhsildən qalma" fikri, doğrudan yerində söylənilmiş bir fikirdir.Biz də düşündük ki, uşaqların təhsildən geri qalmaması üçün, onlayn dərslərə qoşulaq.Çətinliklərimiz oldu, 1 həftə texniki məsələlərdə çətinliklərlə qarşılaşdıq.Mikrofnu aç, səs gəlmədi, müəllimə mən anlamadım.Amma bu gün şükürlər olsun ki, mən nəticəni görürəm.Düzdür, 100%-lik nəticə əldə edə bilmərik.Çünki bu elektron formadadır, sinif deyil.Ancaq düşünürəm ki, 70-80% uğurlarımız var.

Distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar şagirdə elektron variantda internet vasitəsilə göndərilir, şagird də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Bu baxımdan şagirdlərə və valideynlərinə böyük məsuliyyət düşür. Onlar övladları üçün lazım olan şəraiti yaratmağa çalışmalıdır. Şagirdlər də tapşırıqları yerinə yetirməkdən qorxmamalıdır.

Səma Abbasova şagird: Virusun yayıldığı dövrdə, müəlliməmizlə əlaqə saxlayırıq. Dərslərimizə çalışırıq.Digər dostlarımın hamısına tövsiyə edirəm ki, dərslərini oxusunlar.Evdə qalsınlar, evdən çıxmasınlar.

Məsafəli təhsil proqramı, şagirdlərin təhsili onlayn formada mənimsəməyi üçün çox əla fürsətdir. Bu baxımdan müəllimlərin fədakarlığı, şagirdlərin də çalışqanlığı ilə distant təhsil uğurlu sayıla bilər. Yəni, hər hansı fövqaladə hadisə baş verəndə şagirdlər texnoloji vasitələrdən istifadə edərək, tədrisin axını pozulmadan dərslərə davam etməklə müvəffəqiyyət qazana bilərlər.

Valeh Anaroğlu