Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib. "Bugünlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik.Həyat davam edir və biz sizi yarı yolda qoymayacağıq. Bütün kollektivimiz hazırda onlayn şəkildə çalışır. Mərkəzin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb.Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların nəzarət sistemi üzərində işlər aparılır. Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin" - deyə müraciətdə bildirilib.
- Baxış: 311