İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır və beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır.
Bütün lazımi tədbirlərin görüldüyünü deyən prezident xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolunun azalmasından danışıb. Azərbaycan vətəndaşları karantinə yerləşdirilir və hazırda 4500-ə qədər insan karantindədir. Vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər kəndində, Lənkəran, Lerik, Nabran, Bakı şəhərinin otellərində, istirahət zonalarında yerləşdirilir. Müxtəlif yerlərdə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır və bu günlərdə ölkənin ən müasir xəstəxanası - “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilib.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risk altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər.
Dövlət başçısı bildirib ki, pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşüb. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Biz, ilk növbədə, bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. Çünki indi İqtisadiyyat Nazirliyi tərəfindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər. Bu xahiş və yaxud tələb qüvvədədir. Onu da bildirməliyəm və hesab edirəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirlər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramını təqdim edib.
Mikayıl Cabbarov İqtisadiyyat naziri:Bu proqramlar fərqli auditoriyalara - işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı da tapşırığınızla hazırlanıb. Bu proqramın həcmi 500 milyon manat təşkil edir.
Həmçinin diqqətə çatdırıb ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcək. Proqramın daha bir istiqaməti kommunal ödənişlərlə bağlıdır.
Mikayıl Cabbarov İqtisadiyyat naziri: Sizin tapşırığınızla biz bunu təhlil etmişik ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik. bizim bir sıra həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərimiz, dövlət və özəl şirkətlərimiz obyektiv səbəblərə görə, - Siz də artıq bunu qeyd etdiniz, - fəaliyyətini demək olar ki, dayandırıb, yaxud dondurub. Bu müəssisələrlə də bağlı məqsədli proqram hazırlanıb.
Prezident İlham Əliyev bildirib ki, təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək.
- Baxış: 327