• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1078
— 27.03.2020 12:28

Şəmkirli könüllülər sosial layihəyə başlayıb

KepezTV Player

Şəmkirdə Koronavirus infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlanılıb. Yaşlı insanlara və aztəminatlı ailələrə yardımlar edirlər.  

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Şəmkir rayonunda bir sıra tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin könüllüləri, polis şöbəsinin əməkdaşları və xeyriyyəçi birliyinin üzvləri imtiyazlı ailələrə və ahıllara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıblar. 

Səməngül Məmmədova - sakin: Sağolun cibiniz dolu olsun. Ömrünüz uzun olsun. Hökümətimizə təşəkkür edirəm. Allah köməyinizdə olsun.

Gülər Rəhimova – sakin: Belə gələnlərin qadasını alım. Təki dünyamız xoşbəxt olsun. Bu dərddən bəladan xilas olaq. Sülh istəyirəm.

Könüllülər tərəfindən xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan eləcə də aztəminatlı imtiyazlı ailələrlə dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulur.

Suqra Namazova – könüllü: Biz hər an axtarışdayıq. Belə ailələr olduqca biz onlara kömək etməyə hər an hazırıq mütəmadi olaraqda biz bu köməkliyi göstəririk.

Nicat Şıxəliyev – könüllü: Bütün yaşlıları evdə qal aksiyasına çağırıram. Bildirmək istəyirəm ki biz gənc könüllülər daim onların yanındayıq. Evdə qalın və sağlam olun.

Ümumilikdə 23 yaşayış məntəqəsi üzrə 83 ailəyə ərzaq yardımı paylanılıb. Şəmkir Xeyriyyəçilər birliyinin dəstəyi ilə bu kimi aksiyalar davamlı olacaq.

Natiq Hüseyn