• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 26.03.2020 16:46

Azərbaycanda 29 koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

KepezTV Player

Azərbaycanda 29 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu il martın 12-də Türkiyədən qayıtmış 59 yaşlı Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub. Müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb. Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb. Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.