• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1959
— 25.03.2020 20:01

6 yeni yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb

KepezTV Player

Azərbaycanda 6 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, həmin şəxslərdən 1 nəfər Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilib və karantinə götürülüb. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.